İranda bahalaşma və həyat xərclərinin artmasına etiraz olaraq bir sıra universitetlərdə nümayişlər baş verib. Tələbələr mağaza və bazar satıcıları ilə birgə küçələrə çıxıb, hökumət isə nümayişçilərlə dialoq təklif edib.
Turkustan.az “Reuters”ə istinadla xəbər verir ki, 2025-ci ildə İran rialı dollar qarşısında demək olar ki, yarı dəyər itirib, illik inflyasiya dekabr ayında 42,5 faizə çatıb. Ölkə həm ABŞ sanksiyaları, həm də İsrailin mümkün hücumları ilə üzləşir.
Prezident Masud Pezeşkian bildirib ki, daxili işlər naziri nümayişçilərin “qanuni tələblərini” dinləmək üçün tapşırıq alıb. Hökumət sözçüsü Fatemeh Mohajerani dialoq mexanizminin yaradılacağını və nümayiş liderləri ilə görüşlərin keçiriləcəyini açıqlayıb.
“Nümayişləri rəsmi şəkildə tanıyırıq. Onların səslərini eşidirik və bilirik ki, bu narazılıq insanların həyatına təsir edən təbii təzyiqdən yaranıb”, – Mohajerani bildirib.
Tehranda çəkilmiş videolarda etirazçılar küçələrdə “Reza şah, rahat uyu” şüarı səsləndiriblər. Fars agentliyinin məlumatına görə, dörd universitetdə yüzlərlə tələbə nümayiş keçirib. Sosial mediada bəzi iranlılar etirazları dəstəkləyib və qiymət artımı ilə korrupsiyanın insanları partlama nöqtəsinə çatdırdığını vurğulayıblar.
İran hökuməti əvvəlki illərdə iqtisadi böhran, quraqlıq, qadın hüquqları və siyasi azadlıqlar kimi məsələlərə görə baş verən etirazları zorakılıq və həbs yolu ilə yatırıb. Hökumət bu dəfə dialoq təklif etsə də, nümayiş liderləri ilə hansı formada danışıq aparılacağı hələ bəlli deyil.
Qeyd edək ki, İran iqtisadiyyatı ABŞ sanksiyaları səbəbindən uzun illərdir böhran içindədir.
Prezident Pezeşkian hökumət, ticarət birlikləri və bazar fəalları ilə görüşündə narazılıqların aradan qaldırılması üçün əlindən gələni edəcəyini bildirib. /Globalinfo.az/