Rusiya Ukrayna ilə atəşkəsə razılıq verib - KİV


Rusiya Ukrayna ilə yekun sülh sazişi imzalanana qədər müvəqqəti atəşkəsə razılıq verib.

Turkustan.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, atəşkəs Ukraynanın mübahisəli ərazilərlə bağlı referendum keçirməsi üçün nəzərdə tutulur.

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ayrı-ayrılıqda Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparıblar. Rusiya tərəfini bu təmaslarda prezidentin köməkçisi Yuri Uşakov təmsil edib.

Rəsmi şəxslərin bildirdiyinə görə, razılaşmanın əsas parametrlərinin böyük hissəsi artıq Vaşinqton və Kiyev arasında razılaşdırılıb. Söhbət, ilk növbədə, Ukraynanın ABŞ və Avropa ölkələrindən alacağı təhlükəsizlik zəmanətlərindən gedir. Yüksək rütbəli amerikalı rəsmi təsdiqləyib ki, ABŞ bu zəmanətlərlə bağlı sənədi ratifikasiya üçün Senata təqdim etməyə hazırdır. Həmin sənədin mətni NATO nizamnaməsinin 5-ci maddəsinə əsaslanır.

Məlumata əsasən, razılaşma yolunda əsas maneə Rusiyanın istənilən sülh sənədi çərçivəsində Donbasın bütün ərazisinə nəzarət tələbi olaraq qalır. Nəşr qeyd edir ki, ABŞ tərəfi sazişin təsdiqi üçün atəşkəs ideyasını dəstəkləsə də, bunun logistik baxımdan çətin olacağını vurğulayır.

Mənbələrin sözlərinə görə, daha əvvəl yekun razılaşma imzalanmadan atəşkəsə qarşı çıxan Rusiya tərəfi referenduma şərait yaratmaq üçün mövqeyini dəyişib. Bununla belə, Ukrayna 60 günlük atəşkəs tələb etsə də, Moskva daha qısa müddətə üstünlük verə bilər. /modern.az/


MANŞET XƏBƏRLƏRİ