İkinci Dünya müharibəsindən sonra qəbul etdiyi pasifist konstitusiya mövqeyindən tədricən uzaqlaşan Yaponiya müdafiə xərcləri baxımından tarixi rekord qırıb.
Turkustan.az xəbər verir ki, hökumət raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəlmiş 9 trilyon yen (təxminən 58 milyard dollar) həcmində böyük müdafiə büdcəsini təsdiqləyib.
Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Yaponiya hökuməti müdafiə büdcəsini əvvəlki illə müqayisədə 9,4 faiz artıraraq tarixdə ilk dəfə 9 trilyon yen həddini keçib. Bu addım Tokionun yalnız müdafiəyə yönəlmiş ölkə olmaqdan çıxaraq regional hərbi gücə çevrilmək ambisiyasını nümayiş etdirir.
Xəbər təhlilinə görə, Yaponiyanın silahlanma xərclərini artırmasının əsas səbəbi iki əsas təhlükə ilə bağlıdır:
Çin – Tayvan ətrafında artan hərbi fəallıq və regionda genişlənmə siyasəti
Şimali Koreya – nüvə silahı daşıma qabiliyyətinə malik sualtı qayıqlar və intensiv raket sınaqları
Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bildirib ki, bu büdcə “müharibədən sonrakı dövrün ən mürəkkəb təhlükəsizlik mühitində” ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruridir.
“Yaponiyanın Dəmir Xanımı” kimi tanınan Baş nazir Sanae Takaiçi bu yaxınlarda Çinin Tayvana mümkün hücumu halında Yaponiyanın səssiz qalmayacağı barədə açıq mesaj verib. Bu sərt ritorika Tokionun yalnız büdcə siyasətində deyil, siyasi mövqeyində də pasifist yanaşmadan uzaqlaşdığının göstəricisi kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az