Mahmud Abbas Qəzzada yeni sərhədlərin tətbiqinə qarşı çıxdı


Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağı daxilində yeni sərhədlərin çəkilməsinin, bölünməsinin və ya ayrı bir qurum hesab edilməsinin qəti şəkildə rədd edildiyini bildirib.

Turkustan.az xəbər verir ki, iki gündür İtaliyanın paytaxtı Romada görüşlər keçirən Abbas ölkənin yüksək tirajlı qəzetlərindən biri olan La Repubblica-ya müsahibə verib.

İsrail Baş Qərargah rəisi Əyal Zamirin bu yaxınlarda Qəzzanın şimalında atəşkəs müqaviləsi çərçivəsində Qəzzanı ayıran sarı xəttin Qəzza ilə İsrail arasında "yeni sərhəd" təşkil etdiyini iddia etdiyini xatırladan Abbas bildirib: "Qəzza zolağına yeni sərhədlər qoymaq, onu bölmək və ya ayrı bir qurum kimi qəbul etmək cəhdlərini qəti şəkildə rədd edirik. Qəzza zolağı, Qərb Sahili və Şərqi Qüdslə yanaşı, 1967-ci ildə işğal edilmiş Fələstin ərazilərinin ayrılmaz hissəsidir".

Abbas Qəzza zolağının yenidən qurulması prosesinin Fələstinin tam suverenliyi və vahid Fələstin administrasiyasının təşəbbüsü altında baş verməli olduğunu bildirərək, Qəzzanın bölünməsinin və ya işğalının "qəbuledilməz" olduğunu vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ