ABŞ rəhbərliyinin sentyabr ayında Tehran rəhbərliyi ilə əldə etdiyi razılaşma nəticəsində 50-yə yaxın İran vətəndaşını deportasiya etdiyi və ölkələrinə geri göndərdiyi iddia edilib.
Turkustan.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin razılaşmadan xəbəri olan iki İran rəsmisinə istinadən verdiyi xəbərə görə, deportasiya ABŞ Donald Tramp administrasiyasının İranla sentyabr ayında əldə etdiyi razılaşmaya uyğun olaraq həyata keçirilib.
Arizona ştatının Mesa şəhərindən havaya qalxan, Misir və Küveytdə dayanmalı olan təyyarədə ərəb ölkələri və Rusiyadan deportasiya edilən şəxslərlə yanaşı, 50-yə yaxın İran vətəndaşının olduğu iddia edilir.
Təyyarədə olan iranlıların siyahısından xəbərdar olan mənbə iddia edib ki, bu şəxslər ABŞ-a cənub sərhədindən daxil olub, aylarla təcridxanalarda saxlanılıb və sığınacaq müraciətləri rədd edilib.
Transfer prosesində ABŞ rəsmiləri ilə yaxından əməkdaşlıq edən İran rəsmilərindən biri təyyarə Misirin paytaxtı Qahirəyə çatdıqda ərəb və Rusiya vətəndaşlarının təxliyyə ediləcəyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az