Ukraynanın İzmail limanında evakuasiya zamanı vurulan Türkiyə bayrağı altında LPG yüklü "ORINDA" adlı gəmidə yanğının söndürüldüyü və vəziyyətin nəzarət altına alındığı bildirilib.
Turkustan.az xəbər verir ki, Ukrayna İcma və Regional İnkişaf Nazirliyinin sosial media hesabından edilən açıqlamada Türkiyə bayraqlı LPG daşıyan “ORINDA” gəmisində yanğının söndürülməsi ilə bağlı məlumat paylaşılıb.
Gəmidəki yanğının nəzarət altına alındığı bildirilən açıqlamada, "Noyabrın 16-dan 17-nə keçən gecə İzmail Limanına edilən hücumdan sonra mülki gəmidə baş verən yanğın söndürülüb. Vəziyyət nəzarət altındadır" ifadələri işlədilib.
Bəyanatda Rusiya ordusunun Ukraynaya "hər gün" hücumlar təşkil etdiyi və hücumlarda kritik və mülki infrastrukturun da zədələndiyi vurğulanıb.
Limana hücumun nəticələrinin aradan qaldırılması üçün səylərin davam etdiyi vurğulanan bəyanatda “Ukrayna limanlarına edilən hər hücum təcavüzkar ölkənin təkcə infrastrukturumuza zərər vurmaq deyil, həm də qlobal ərzaq təhlükəsizliyini təhlükə altına almaq cəhdidir” , - deyə bildirilib.
Aytən Yaşar/ Turkustan.az