HƏMAS və İsrail arasında atəşkəs mühüm addımdır, lakin bu, yalnız atəşkəsdir.
Turkustan.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən Türkiyəyə qayıdarkən jurnalistlərə açıqlama verib.
“Baş verən girov və əsir mübadiləsi son dərəcə vacibdir. Lakin atəşkəs razılaşmasını Fələstin məsələsini həll edən sənəd kimi qiymətləndirmək düzgün olmazdı. Bu razılaşma, mahiyyət etibarilə, sadəcə atəşkəs razılaşmasıdır. Bizim fikrimizcə, Fələstin probleminin yeganə həlli 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasıdır”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti əlavə edib ki, ölkəsi bu məqsədə çatmaq üçün qətiyyətlə addımlar atmağa davam edəcək və eyni zamanda Qəzzaya humanitar yardımı da dayandırmayacaq.
“Türkiyə 102 min tonla Qəzzaya ən çox humanitar yardım göndərən ölkələrdən biridir. Son bir neçə gündə 350-yə yaxın yük maşını (Türkiyədən) humanitar yardımla Qəzzaya daxil olub”, – Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, hazırda Qəzzanın infrastrukturunun və ictimai həyatının bərpası üçün beynəlxalq işçi qrupunun yaradılması istiqamətində işlər aparılır.
Aytən Yaşar/ Turkustan.az