Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İrəvandakı tıxaclarla bağlı son açıqlamaları hakim “Vətəndaş Müqaviləsi” partiyasında müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, bu barədə “Joghovurd” qəzeti yazıb.
Bildirilib ki, partiya daxilində onun tənqidlərinin yalnız İrəvan meri Tiqran Avinyana yönəldiyi, yoxsa hakimiyyətin ümumi siyasətindən narazılıq ifadə etdiyi müzakirə olunur.
“Noyabrın 10-da Anna Akopyan paylaşdığı videoda İrəvandakı tıxacları tənqid edərək şəhərin bir nöqtəsindən digərinə getmək üçün artıq kosmonavt sağlamlığının tələb olunduğunu bildirmişdi. O, həmçinin milyonlarla dollarlıq investisiya həyata keçirən şirkətlərə tikinti icazələrinin verilməsinin tıxac problemini həll etməkdən daha asan olduğunu vurğulamışdı.
Noyabrın 17-də isə Akopyan yenidən tıxaclar mövzusuna qayıdaraq qadın sürücüləri narazılıqlarını açıq şəkildə ifadə etməyə çağırıb. O, çıxışında istehzalı şəkildə “Yoxsa məlum ola bilər ki, İrəvanın tıxaclarında keçmiş hakimiyyət günahkardır” ifadəsini işlədib.
Partiya daxilində onun bu açıqlamalarının mümkün siyasi məqsədləri ilə bağlı müxtəlif fikirlər var. Bəzi şəxslər Akopyanın siyasi fəaliyyətə başlamaq üçün zəmin hazırladığını, digərləri isə əsas hədəfinin Tiqran Avinyan olduğunu düşünür. Bu tənqidlərin merin siyasi mövqelərini zəiflətməyə hesablandığı da ehtimal edilir”.
Məsələ ilə bağlı İrəvan meri Tiqran Avinyan da açıqlama verib. O bildirib ki, tıxaclar təkcə Anna Akopyanı deyil, onu və bütün şəhər sakinlərini narahat edir.
Mer əlavə edib ki, bələdiyyə problemin həlli üçün təkliflər irəli sürməlidir. /Globalinfo.az/