Təkcə Koreya deyil: Altı ölkədə hələ də it əti yeyilir


İt ətinin yeyilməsi adəti bir çox insan üçün şokedici görünsə də, dünyada bu ənənə hələ də qalmaqdadır.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, Asiya küçələrində gəzərkən turistlər bəzən qorxunc mənzərə ilə – it ətinin satıldığı köşklərlə qarşılaşa bilərlər. Bu, itləri ailə üzvü hesab edən avropalılar üçün mədəniyyət şoku yaradır. Lakin it əti sevənlər bunun donuz və ya mal ətindən fərqli olmadığını deyirlər. Onların fikrincə, donuz və inək də ev heyvanı kimi saxlanıla bilər.

Nə qədər qəribə səslənsə də, dünyada hələ də it əti yeyilən ölkələr var. Onların demək olar ki, hamısı Asiyada yerləşir. Bu regionlarda itlər əsrlərlə təsərrüfat heyvanı kimi qəbul edilib, it əti isə həm sağlamlığa faydalı, həm də ucuz hesab olunub.

Şimali Koreyada hansı itləri yeyirlər?

İt ətinin yeyilməsi deyiləndə ilk olaraq ağla şimali koreyalılar gəlir. Koreya mədəniyyətində bu heyvanlar uzun müddət ərzində əlçatan qida mənbəyi kimi qiymətləndirilib.

Rəsmi məlumat az olsa da, Şimali Koreyada bu adətin mövcudluğu barədə qaçqınlar və azsaylı turistlər danışırlar. Bildirilir ki, Rusiya tərəfində Ukraynaya qarşı vuruşan Şimali Koreya əsgərlərinin yanında it ətindən hazırlanmış konservlər olub.

Koreya ənənələri hətta hansı itlərin yeyildiyini də müəyyən edir. Xüsusi it fermalarında yetişdirilən "nureonqi" cinsinin ətinin ağciyərlər üçün faydalı olduğuna inanılır.

Dünyada it əti yeyilən ölkələr

Qeyd etmək lazımdır ki, bu ənənə olan ölkələrdə belə, it əti gündəlik yemək deyil. Adətən, bu vərdişə yaşlı nəsil sadiq qalır, gənclər isə bu təcrübədən uzaqlaşır. Buna görə də "bütün asiyalılar it yeyir” fikri stereotipdir.

Cənubi Koreya - Uzun illər boyu cənubi koreyalılar it ətini bayram və festivallarda bişirirdilər. Lakin bu adət tədricən yox olur. Gənc nəsil Avropa dəyərlərini qəbul edərək bu ənənədən imtina edir. 2024-cü ildə Cənubi Koreyada itlərin ət üçün öldürülməsi qadağan edilib və 2027-ci ildən bu qanun tam qüvvəyə minəcək.

Vyetnam - Bu ölkədə də it əti nisbətən geniş yayılıb, lakin bu gündəlik yemək deyil, daha çox mərasim yeməyidir. Vyetnamlılar it ətinin bərəkət və uğur gətirdiyinə inanırlar.

Çin - Çində it əti yemək adəti minilliklər boyu davam edib və bəzi Avropa ölkələri yaranmamışdan əvvəl mövcud olub. Çinlilər bu adətdən çox yavaş imtina edirlər. Hazırda da Yulin şəhərində hər il "it əti festivalı” keçirilir, lakin heyvansevərlər onun ləğvini tələb edirlər.

Filippin - Rəsmi şəkildə it ətinin yeyilməsi qadağandır, lakin bəzi bölgələrdə bu, hələ də gizli şəkildə davam edir. Əvvəllər bu, yerli xalqların ənənəvi mətbəxinin bir hissəsi sayılırdı.

İndoneziya - Ölkədə əhalinin əksəriyyəti müsəlmandır və İslam qaydalarına görə it əti qətiyyən yeyilmir. Bununla belə, bəzi adalarda İslamı qəbul etməmiş etnik qruplar yaşayır və onlar it ətini "kişilik və cəsarət” simvolu hesab edirlər.


MANŞET XƏBƏRLƏRİ