Trampdan jest! Hər liderə açılmayan bir qapı Ərdoğana açıldı


Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı təmaslarını başa vurduqdan sonra kritik danışıqlar üçün Vaşinqtona səfər edib.

Turkustan.az xəbər verir ki, o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Oval Ofisdə baş tutacaq görüşdə Qəzza və Suriya məsələlərinin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı daşıyan Türk Hava Yollarına məxsus təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hava Bazasına enib. Onları Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal və digər rəsmi şəxslər qarşılayıb.

Ərdoğana səfərdə bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, xarici işlər naziri Hakan Fidan və digər rəsmi nümayəndələr müşayiət edir.

ABŞ Prezidenti Tramp protokoldan kənar addım ataraq Ərdoğanı xarici liderlər üçün nadir hallarda istifadə olunan Blair House-da qəbul edəcək. Bu jest iki lider arasında yaxın münasibətlərin göstəricisi kimi qiymətləndirilir.

Ərdoğan və xanımı Blair House-a çatdıqda çox sayda türk vətəndaşı tərəfindən qarşılanıb. ABŞ Gizli Xidməti ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.

Prezident Ərdoğan BMT zirvəsindən sonra jurnalistlərin görüşlə bağlı sualına belə cavab verib:
"Gəlin görüşək. Görüşdən sonra nələri müzakirə etdiyimizi, nə əldə etdiyimizi ya yolda, ya da Türkiyəyə qayıtdıqdan sonra sizinlə paylaşacağıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ