Ukrayna üçün ən yaxşı ssenari: Dərhal bu addımı atmalıdır


Qərb analitikləri hesab edir ki, hazırda Ukrayna ilə Rusiya arasında döyüşlərin dondurulması ölkə üçün ən real və faydalı çıxış yoludur.

Turkustan.az xəbər verir ki, geopolitik strateq və politoloq Mark Brolin “The Telegraph” qəzetinə açıqlamasında Qərbin Kiyevə döyüş meydanında qələbə üçün lazım olan resursları verməkdə tərəddüd etdiyini bildirib.

Onun fikrincə, müvəqqəti atəşkəs Ukraynaya müdafiəsini və iqtisadiyyatını gücləndirmək üçün vaxt qazandıracaq.

Brolin bu yanaşmanı “Koreya tipli dondurulmadan Almaniya tipli sonluğa doğru” adlandırıb. Yəni qısa müddətlik fasilə verilir, lakin işğal olunmuş ərazilərin hüquqi baxımdan tanınması rədd edilir. Eyni zamanda Ukraynanın gələcəkdə ərazilərini azad etmək üçün resurslara sərmayə yatırılır.

Ekspertin fikrincə, zaman Ukraynanın xeyrinə işləyəcək. O, bunu üç əsas amillə izah edib: Birincisi, Rusiyanın zəifləyən iqtisadiyyatı, ikincisi, ABŞ-ın daxili siyasətindəki məhdudiyyətlər və son olaraq, Avropanın tədricən Rusiyadan enerji asılılığından çıxması.

Bununla yanaşı, Brolin qeyd edib ki, belə bir “dondurulma” yalnız müəyyən şərtlər daxilində mümkündür. Ərazilərin statusu tanınmamalı, Ukraynaya çoxsəviyyəli təhlükəsizlik zəmanətləri verilməli, Rusiya tərəfindən pozuntu halında avtomatik sanksiya mexanizmləri işə salınmalı və azad edilmiş ərazilərlə işğal altında olan bölgələr arasında yaşam fərqini azaltmaq üçün investisiya proqramları həyata keçirilməlidir./publika.az


MANŞET XƏBƏRLƏRİ