HƏMAS lideri Hayye HƏMAS-ın Telegram hesabında yayımladığı videomüraciətdə Qəzzada hücumlar və blokadaya, İsraillə aparılan danışıqlara diqqət çəkərək, ərəb və müsəlman ölkələrini İsraillə siyasi və ticari əlaqələri kəsməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Hayye qeyd edib ki, HƏMAS 22 aydır Qəzzada müharibəni bitirmək üçün çətin danışıqlar aparır və əlindən gələn bütün çevikliyi nümayiş etdirir. O əlavə edib ki, Qətərin paytaxtı Dohada keçirilən danışıqların son raundunda xüsusilə məhbuslar, İsrailin Qəzzanı tərk etməsi və yardımların ölkəyə daxil olması məsələlərində aydın irəliləyiş əldə ediblər və İsraildən müsbət cavablar alıblar.
Hayye bu irəliləyişə baxmayaraq, İsrailin ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun dəstəyi ilə danışıqlar mərhələsindən geri çəkildiyini və bunu edərkən İsrailin yardım paylama məntəqələri deyilən yerlərdə insanları öldürərək və Rəfahda humanitar yardım şəhəri quraraq fələstinliləri məcburi köçə hazırladığını bildirib.
Aytən Yaşar/ Turkustan.az