Fələstini kimlər tanıyır və kimlər tanımır? – SİYAHI


Fransa Fələstini dövlət olaraq tanıyacağını elan etdi.

Turkustan.az xəbər verir ki, ötən il İspaniya, Norveç, İrlandiya, Sloveniya və Ermənistan Fələstini tanıyan ölkələr siyahısına daxil olmuşdu.

Bununla da BMT-nin 193 üzvü arasında Fələstini dövlət kimi tanıyanların sayı Fransanın da qatılması ilə 149 olacaq.

Fələstini dövlət kimi tanıyan ölkələr bu addımın Fələstin və İsrail arasında sülh danışıqlarına töhfə verəcəyini bəyan edir. İsrail isə Fələstin dövlətinin tanınmasına qəti şəkildə qarşı çıxır və belə bir dövlətin “İsrailin varlığına təhdid olacağını” iddia edir.

149 ölkə arasında BMT-dəki 22 üzvü olan Ərəb Dövlətləri Liqası, 57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı (122 üzv) da var.

Azərbaycan isə anoloji addımı 1992-ci ildə atıb. Bir il sonra isə ölkəmizlə Fələstin arasında diplomatik münasibətlər qurulub.

G7 ölkələrinin heç biri Fələstini müstəqil dövlət hesab etmir. Fransa qərarını icra edəcəyi təqdirdə Fələstinin BMT üzvlüyünə yaşıl işıq yandıran ilk G7 ölkəsi olacaq.

Fələstin 1988-ci ilin 15 noyabrında Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat tərəfindən elan edilib. SSRİ, Çin, Türkiyə, İran, Pakistan, BƏƏ dərhal Fələstini dövlət kimi tanıdıqlarını elan edib. Rusiya Federasiyası SSRİ-nin tanıma qərarını davam etdirir.

Hazırda 40-dan çox ölkə Fələstini dövlət olaraq tanımır. Bunların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, Kanada, Avstraliya, Hollandiya, İtaliya, Cənubi Koreya kimi ölkələr var. Göründüyü kimi, dünya siyasətinə və iqtisadiyyatına hökmranlıq edən qüvvələr Fələstinin tanımamaq xəttini israrla davam etdirir./teıeqraf


MANŞET XƏBƏRLƏRİ