Ərdoğanın yüksək vəzifə verdiyi Burhanəddin Duran KİMDİR...


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Fahrettin Altunu vəzifəsindən azad edib. Onun yerinə xarici işlər nazirinin müavini Burhanəddin Duran təyin edilib.

Fahrettin Altun isə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) sədri təyin olunub. Təyinat qərarları Rəsmi Qəzetdə dərc edilib.

Fahrettin Altun 2018-ci ildə qurulduğu gündən etibarən Kommunikasiya İdarəsinə rəhbərlik edirdi. Altun həmin vaxt Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) Baş Koordinatorluğu vəzifəsini tərk edərək bu idarəyə təyin edilib. SETA-nın yeni rəhbəri isə Burhanəddin Duran olub.

Burhanəddin Duran 2014-2024-cü illərdə SETA-nın baş koordinatoru olub və 2016-cı ildə SETA-da köməkçisi olduğu Fahrettin Altun ilə birlikdə “15 İyulda Millətin Zəfəri” kitabının redaktoru olub.

Burhanəddin Duran 1970-ci il yanvarın 1-də Sakaryanın Adapazarı rayonunda anadan olub.

O, 1993-cü ildə Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsini, 1993-2001-ci illərdə Bilkənd Universitetinin Siyasi Elm və Dövlət İdarəçiliyi fakültəsində magistratura və doktorantura təhsilini bitirib.

Onun doktorluq dissertasiyası Türkiyədə islamçı siyasi fikrin imperiyadan erkən cümhuriyyətə çevrilməsi mövzusunda olub.

Akademik karyerasına Sakarya Universitetində elmi işçi kimi başlayıb, daha sonra dosent və professor, İstanbul Şəhər Universitetində Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamentinin müdiri vəzifələrində çalışıb.

2010-2011-ci illərdə ABŞ-ın Corc Meyson Universitetində qonaq alim olub. Bu müddət ərzində beynəlxalq münasibətlər, siyasi İslam, Yaxın Şərq siyasəti və Türkiyənin xarici siyasəti üzrə çalışıb.

Müxtəlif universitetlərdə çalışmış Duran 2006-cı ildə dosent, 2013-cü ildə isə professor elmi adını alıb.

Duran 2013-cü ildə SETA-nın İstanbul ofisinin baş koordinatoru vəzifəsinə təyin edilib və 2014-cü ildən Ankaradakı qərargahında eyni vəzifəni davam etdirir.

Duran hazırda Ankara Sosial Elmlər Universitetinin Siyasi Elmlər Fakültəsinin müəllimidir.

Türk fikir tarixi, türk xarici siyasəti, islamçılıq, Avropa, demokratiya və vətəndaş cəmiyyəti mövzusunda türk və ingilis dillərində çoxlu kitab və jurnal məqalələri dərc etdirən Duran 2018-ci ilin oktyabr ayında Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib.

Duran 20 may 2024-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışırdı.

Ailəlidir və üç övladı var. /modern.az/


MANŞET XƏBƏRLƏRİ