Prezident İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabidə baş tutan görüşündə iştirak edən nümayəndə heyətinin tərkibi gündəmin nə olduğunu anlamağa imkan verir.
- Baş nazir müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın masada olması o deməkdir ki, sərhədin delimitasiyası müzakirə edilib: tərəflərin sərhəd gündəliyində prirotet məsələ anklavların taleyidir;
- Prezidentin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanın olması Zəngəzur dəhlizinin masada olması deməkdir: dəhlizlə bağlı ABŞ-ın təklif etdiyi planın müzakirə edildiyi ehtimalı böyükdür, indiyə qədər Vaşinqtonda baş tutan müzakirələrdə də əsasən Azərbaycanı Hacıyev, Ermənistanı Qriqoryan təmsil edib;
- Xarici işlər nazirlərinin – Ceyhun Bayramov və Ararat Mirzoyanın iştirakı sülh sazişinin bütün detallarının müzakirə edildiyi deməkdir;
- Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov adətən sülh danışıqlarına dair Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılması kimi konkret tələblər üzrə çıxışlar edir, onun görüşdə iştirakı bu məsələlərin masada olması deməkdir.
Əsas maraqlı məqam Ruben Rubinyanın görüşdə niyə iştirak etməsidir?
Ermənistan parlamentinin vitse-spikeri olan Rubinyan həm də Türkiyə ilə münasibətlərin normallaşması üzrə Paşinyanın təyin etdiyi xüsusi nümayəndədir. Onun görüşdə iştirakı masada Türkiyə-Ermənistan münasibətlərinin də müzakirə edildiyi kimi qəbul edilə bilər. İrəvanın əsas hədəfi Bakı ilə razılaşmaq və Ankara ilə münasibətləri bərpa edərək, sərhədlərin açılmasına nail olmaqdır. Ankara və Bakının İrəvanla münasibətlərin normallaşmasındakı gündəliyi eynidir. Görünür, Azərbaycan Əbh-Dabi görüşündə həm də Türkiyənin maraqlarını təmsil edən tərəf kimi çıxış edir.
Asif Nərimanlı
publika.az