Türküstan düşüncəsinin poetik manifesti


Əkbər QOŞALI

(“Gözlədiyimiz xoşbəxtliy”in yığcam kulturoloji incələməsi)

Tanınmış qazax ictimai və ədəbiyyat xadimi Malik Otarbayev yalnız bir qələm adamı deyil, həm də Türküstanın ruhani-siyasi xəritəsini əxz etmiş vəfalı bir dost-qardaşdır. Onun Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş “Gözlədiyimiz xoşbəxtlik” kitabı bir yandan fərdi-mənəvi, milli təbəddülatların ifadəsi, digər yandan isə ümumtürk mədəniyyətinin dərin qatlarını əks etdirən publisistik və bədii düşüncələrin vəhdətidir.

Bu kitab yalnız bir yazıçının fikirlər toplusu deyil, o, həm də türklüyün, Türküstanın, Böyük Çölün yaddaşından süzülmüş ideya-siyasi manifest kimi çıxış edir. Müəllif burada mifik yaddaşla çağdaş ictimai ağrıları, kulturoloji parçalanmalarla ruhani dirçəliş çağırışlarını birləşdirməyə çalışır.

Kitabın əsas ideya xətti – qazax, türk-islam ruhunun yenidən oyadılması və mənəvi xoşbəxtlik idealının bərqərar olunmasıdır. Malik Otarbayev türklük ideyasını romantik ritorikaya həbs etmir, əksinə onu real siyasi və mədəni kontekstlərdə dəyərləndirir. O, türk xalqlarının ayrılığının səbəblərini təkcə siyasi faktorlarla deyil, mənəvi dağınıqlıqla da yorumlamış olur.

Bu anlamda Otarbayevin əsəri klassik türk-islam ideoloji xəttinin Böyük Çölə, Türküstana xas çağdaş versiyasını ehtiva edir: burada nə SSRİ sonrası travmalar, nə də Batı yönümlü identiklik buxovları inkar olunur – əksinə, onlar aydın şəkildə görünür və bu ağrıların fonunda müəllif, necə deyərlər, “ümumtürk xoşbəxtliyi” ideyasını irəli sürür. Ortaq Türk qurumlarının qurucu-üzvü, Beynəlxalq Türk Akademiyasının evsahibi, Ə.Yəsəvi adına Qazax-Türk Universitetinə də sahib bir ölkədə belə axtarış və çağırışlar təbiidir. Bu axtarışın üzərində Türküstan energetikası, Yəsəvi alpərən alxışı vardır, əlbət!

İndi isə gəlin kitabdakı kulturoloji və tarixi aspektlərə - yaddaşın rekonstruksiyasına dair düşüncələrimizi bölüşək. Bəli, “Gözlədiyimiz xoşbəxtlik” bir növ kulturoloji rekonstruksiya layihəsi kimi xarakterizə edilə bilər. Malik Otarbayev üçün tarix – yalnız keçmiş deyil, həm də gələcəyə bağlanan bir yaddaş sistemidir. Zatən gələcəkyönümlü bacış, ysnsşma olmadan, ha keçmiş ha bugünə odaqlan - nə xeyri var?..

Kitabda yer alan esselər, düşüncələr, bədii parçalar Altaylardan Arala, Orxon-Yeniseydən Sırdəryaya qədər uzanan türk yaddaşının müxtəlif izlərini daşıyır. Burada Dədə Qorqud, Əhməd Yəsəvi, Abay, Çokay, Mağjan, Oljas Süleymenov və b. kimi simalar düşüncə fonunda dayanır.

Özəlliklə Türküstanın sovetləşməsi və bu sürəcin yaratdığı mədəni yadlaşma müəllifin əsas ağrılı nöqtələrindəndir. Otarbayev bu yadlaşmanı bir növ “xoşbəxtliyin itirilməsi” kimi təqdim edir və bu səbəbdən kitabın adı da, belə deyək, nostalji və ümidin sintezi kimi səslənir.

“Gözlədiyimiz xoşbəxtlik” Böyük Çölün mistikası və Türküstan ruhaniyyatı ilə sıx bağlıdır.

Kitabda yer alan düşüncə və təsvirlərdə Böyük Çöl metafizikası açıq şəkildə sezilir. Otarbayev Çölü yalnız coğrafi məkan deyil, ontoloji məkandır – yəni mənəvi genişlik, səbr, tənhalıq və Tanrıya yaxınlıq yeridir... Bu baxımdan o, yəsəviliklə çağdaş türkçülük arasında körpü qurur.

Türküstan – Otarbayevin baxışında – sadəcə nə bir şəhər, nə də bir bölgə olmayıb, ruhani bir ocaq, Turanda doğulan işıqdır. Onun xoşbəxtlik anlayışı da sırf material deyil, mənəvi bütövlüyə, milli birliyə bağlıdır.

Biz bu kitabda ədəbi-bədii məziyyətləri, bədii publisistikanın gücünü görürük.

Müəllifin dili poetik publisistikanın gözəl örnəklərindəndir. Otarbayev sözün duyum yükünü qoruyur – onun fikirləri yalnız məntiqə deyil, həm də oxucunun qəlbinə yönəlib. O, qələm və qılıncın harmoniyasını yaradır elə bil… – Elə bil, düşüncəsini çox gözlətmədən çağırışa döndərir, bəzən üsyan, bəzənsə dua edir…

İlginc üslub, məcazlı təhkiyə, sufi poetikasına yaxın obrazlar və nostalji təmkinlilik kitabın ədəbi keyfiyyətlərini yüksəldir. Dildəki sadəlik onun dərinliyini azaltmır, bəlkə də, əksinə, onu oxunaqlı və oxudan düşünməyə vadar edən formaya salır.

Beləliklə,

“Gözlədiyimiz xoşbəxtlik” qazax, Türküstan, türk-islam kimliyinə uhulət-suhulıtli dönüşə xidmət edir.

Malik Otarbayevin bu kitabı çağdaş Türk dünyası üçün ideoloji, kulturoloji və ruhani bələdçilik funksiyası daşımağı haqq edən kitabların arasındadır. O, unudulmuş dəyərləri anır, parçalanmış yaddaşları birləşdirməyə çağırır, və ən başlıcası – bizə xoşbəxtliyin - gözlədiyimiz xoşbəxtliyin yolunu içimizdə və birliyimizdə göstərir...

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ