Azərbaycan və Ermənistan müxalifəti Avropada üz-üzə gəldi – Nurullayev detalları danışdı


Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan və Ermənistan müxalifət partiyalarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş Avstriya Milli Müdafiə Akademiyasında, “International Center for European Union Research” (Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzi) tərəfindən təşkil olunub.

Azərbaycan tərəfindən tədbirdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev iştirak edib. Ermənistan tərəfini isə İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan və hakim Mülki Müqavilə Partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Yulhakyan təmsil edib.

Görüşlə bağlı Globalinfo.az-a danışan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, bu, ilk belə görüş deyil:

“Bənzər görüşlər daha əvvəl də keçirilib. Görüş, gözlənildiyi kimi, xeyli mübahisələrlə yadda qaldı. Hətta müəyyən anlarda qarşılıqlı ittihamlar da oldu. Ermənistan müxalifəti yenə də barışmaz və qərəzli mövqeyi ilə seçilirdi.

Ümumilikdə belə qənaətə gəldim ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyandan ciddi şəkildə narazıdır. Onlar hesab edir ki, Paşinyan saysız-hesabsız güzəştlərə gedib, bütün bunlara baxmayaraq Azərbaycan sülh müqaviləsini imzalamaqda hələ də tərəddüd edir.

Lakin burada riskli bir tendensiyanı da müşahidə etdim. Ermənistan müxalifəti açıq şəkildə bəyan edir ki, hakimiyyətə gəldikləri təqdirdə, Paşinyanın atdığı bütün addımları sıfırlayacaqlar. Bu isə faktiki olaraq danışıqların yenidən Rusiyanın nəzarətinə keçməsi deməkdir”.

razi nurullayev oz e1669464581657
Razi Nurullayev

Razi Nurullayev qeyd edib ki, görüş zamanı o, Azərbaycanın dəyişməz və prinsipial mövqeyini bir daha ifadə edib:

“Ermənistan müxalifətini regionda sülhün bərqərar olması üçün obyektiv mövqe sərgiləməyə çağırdıq. Rəsmi Bakı hesab edir ki, tez-tələsik sülh müqaviləsi imzalanmalı və gələcək nəsillərə problem miras qoyulmamalıdır.

Bir daha vurğuladıq ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməli, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı Azərbaycanla birgə müraciət təqdim olunmalı, sərhədyanı ərazilərdə yerləşən “Yerkrapah” adlı hərbi təşkilat Azərbaycanın əleyhinə təxribatlardan çəkinməlidir.

Eyni zamanda, Qərbi Azərbaycan İcmasının öz dədə-baba torpaqlarına qayıtmaq hüququ tanınmalı, qondarma rejimin tör-töküntülərinin Ermənistan ərazisində fəaliyyətinə son qoyulmalıdır.”


MANŞET XƏBƏRLƏRİ