“Hörümçək Toru”: Rusiya təyyarələri necə məhv edildi? - Peykdən FOTOLAR


Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın dörd hərbi hava bazasına dron hücumu həyata keçirərək 41 ədəd hərbi təyyarəyəyə ziyan vurması barədə xəbərlər bir neçə gündür dünya mətbuatının əsas diqqət mərkəzindədir. Bəziləri bu əməliyyatı Rusiyanın "Pörl Harbor"u adlandırır.

Əməliyyat "Hörümçək toru" adlandırılıb və Rusiya ilə müharibənin son üç ili ərzində Ukraynanın ən kompleks və effektiv zərbələrindən biri hesab edilir.

Məlumata görə, Qərb mətbuatında əməliyyatın bir sıra təfərüatları barədə xəbərlər yer alıb.

"Reuters" bildirir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd bölgəsində - Murmansk, İrkutsk, İvanovo və Ryazanda ən azı dörd hava bazasını hədəfə alıb. Hücum zamanı konteynerlərdən buraxılan 117 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub.

ABŞ-ın "Capella Space" şirkəti tərəfindən təqdim edilən peyk görüntüləri İrkutsk bölgəsində yerləşən Belaya hərbi hava bazasında bir neçə strateji bombardmançı təyyarənin tamamilə məhv olduğunu göstərir. Qara-ağ rəngli və dənəvər görüntülərdə uçuş-enmə zolağı və yaxınlıqdakı mövqelərdə dağıntılar aydın görünür.

Amerikalı hərbi tədqiqatçı Con Ford bildirib ki, görüntülər və sosial şəbəkələrdə yayımlanan dron kadrları iki ədəd Tu-22 “Backfire” və dörd ədəd Tu-95 strateji bombardmançısının məhv edildiyini təsdiqləyir.

Olenya bazasında partlayışlar

Murmansk vilayətindəki Olenya hava bazasından isə peyk görüntüləri əldə olunmasa da, Ukrayna tərəfindən yayımlanan və təsdiqlənən video görüntülər burada da azı üç Tu-95 təyyarəsinin yanaraq sıradan çıxdığını göstərir. Kadrların birində Tu-95-in birbaşa vurulduğu əks olunur.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Ukrayna Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur bölgələrindəki hərbi aerodromlara hücum edib. Nazirlik bəyan edib ki, hava hücumundan müdafiə sistemləri üç bölgədə dronları zərərsizləşdirib, lakin Murmansk və İrkutskda bir neçə təyyarə alovlanıb.

Ukrayna tərəfi hücum nəticəsində 41 təyyarənin tamamilə məhv edildiyini bildirir. UTX-yə görə, ümumi zərər təxminən 7 milyard ABŞ dolları təşkil edir. Həmçinin qeyd olunur ki, Rusiya strateji raket daşıyan təyyarələrinin 34%-i zərbə altına düşüb.

Strateji bombardmançıların bir qisminin artıq istehsal edilmədiyini nəzərə alan hərbi ekspertlər hücumun Rusiya üçün ciddi itki olduğunu bildirirlər. ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu (ISW) hesab edir ki, bu əməliyyat Rusiyanı hava hücumundan müdafiə sistemlərini yenidən qurmağa, mobil hava müdafiə qrupları yaratmağa məcbur edə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumu "tamamilə parlaq" adlandırıb. Ekspertlərə görə, bu cür hücumlar Rusiya aviasiyasının hərəkət sərbəstliyini məhdudlaşdıra və Ukraynanın strateji üstünlüyünü artıra bilər.

14409501440951

modern.az


MANŞET XƏBƏRLƏRİ