Rusiya Ukrayna şəhərlərini raket atəşinə tutdu - Zelenski dünyaya çağırış etdi


Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Sumı vilayət hərbi administrasiyasının məlumatına görə, xəstəxanaya yerləşdirilən və ağır vəziyyətdə olan 43 yaşlı kişi həyatını itirib. Onun 7 yaşlı qızı isə ağır yaralanıb.

“RBK-Ukrayna”nın xəbərinə əsasən, ümumilikdə 16 nəfər xəsarət alıb, onlardan dördü uşaqdır. Hücum nəticəsində bir neçə yaşayış binası və tibb müəssisəsi zərər görüb. Hadisə yerində xilasedicilər və fövqəladə xidmətlər çalışırlar.

Sumı administrasiyası təqribən beş raket zərbəsinin qeydə alındığını bildirib. Onlardan biri şəhər mərkəzindəki küçəyə düşüb. Prezident Volodimir Zelenski bildirib ki, bir raket yaşayış binasına düşsə də, partlamayıb.

Zelenski bu hücumu "mülki əhaliyə qarşı məqsədli zərbə" adlandıraraq beynəlxalq ictimaiyyətə çağırış edib: “Bu gün aydın görünür ki, dünyanın təzyiqi, ABŞ, Avropa və digər güc mərkəzlərinin qətiyyətli addımları olmadan Putin hətta atəşkəsə belə razı olmayacaq. Rusiya hər gün öz aqressiv davranışı ilə ona qarşı sanksiyaların gücləndirilməsinə və Ukraynaya dəstəyin artırılmasına səbəb olur.”

Eyni zamanda, iyunun 4-nə keçən gecə Rusiya tərəfindən Ukraynanın bir neçə bölgəsinə raket və dron hücumları həyata keçirilib. Odessada 5, Çerniqovda isə 4 nəfər yaralanıb. Xarkov vilayətində bir nəfər həlak olub, biri yaralanıb. Poltava vilayəti də raket hücumuna məruz qalıb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, həmin gecə Rusiya tərəfindən ümumilikdə 112 dron buraxılıb. Onlardan 75-i ya məhv edilib, ya da hədəfə çatmadan düşüb. Ümumilikdə 11 yerdə zərbə qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi isə bu hücumlarla bağlı rəsmi şərh verməyib. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ