Rusiya və Ukrayna nümayəndə heyətləri müharibəni bitirmək üçün İstanbulda ikinci dəfə görüşdülər.
Turkustan.az xəbər verir ki, Çırağan sarayında keçirilən atəşkəs danışıqlarından əsirlərin dəyişdirilməsi qərarı çıxsa da, xüsusilə Ukrayna növbəti görüşün liderlər səviyyəsində olması lazım olduğunu bildirib.
Nazirlər Kabinetinin iclasından sonra kameralar qarşısına keçən prezident Ərdoğan ABŞ prezidenti Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinə zəng edib. Ərdoğan Ankara və İstanbulda üç liderlə görüşmək istədiyini bildirib.
Ərdoğan deyib: "Mənim ən böyük arzum cənab Putin və Zelenskini İstanbulda və ya Ankarada bir araya gətirməkdir. Əslində, cənab Tramp qəbul etsə, mən də bir görüşdə bir araya gəlib İstanbulu mərkəzə çevirmək istərdim. Son görüşdən sonra bu istiqamətdə addımlar atacağıq”.
Ərdoğanın çağırışına ilk cavab ABŞ-dan gəlib. Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Donald Trampın Türkiyədə Putin və Zelenski ilə görüşə açıq olduğu bildirilib.
Ağ Evin sözçüsü Karolin Leavitt Ağ Evin bağçasında gündəmlə bağlı açıqlamalar verib. Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini bir araya gətirmək təklifi ilə bağlı sualı cavablandıran Leavitt, “Prezident bunun baş verəcəyi təqdirdə buna açıq olduğunu, lakin hər iki liderin və hər iki tərəfin bir masa arxasında əyləşməsini istədiyini” deyib.
Leavitt prezident Ərdoğanın bu istiqamətdə təklifini dəstəkləyən Trampın liderlər səviyyəsində görüşün sülh prosesinə töhfə verə biləcəyinə inandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az