"Əgər Paris həqiqətən Fələstin dövləti görmək istəyirsə, onu Fransadan bir parça torpaq ayıraraq qursun".
Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi “Fox News” telekanalına müsahibəsində deyib.
O, BMT-də Fələstin dövlətinin tanınması təşəbbüslərini dəstəklədiyi üçün Fransanı tənqid edib. Hakabinin sözlərinə görə, Qəzzada daimi atəşkəsi rədd edən tərəfin İsrail olmasına baxmayaraq, müharibənin sonu HƏMAS-dan asılıdır. Səfir, həmçinin HƏMAS-ın bütün israilli əsirləri azad etməli və silahlarını təslim etməli olduğunu qeyd edib.
HƏMAS Hakabinin bu açıqlamalarını pisləyib. Qeyd edilib ki, bu cür bəyanatlar Fələstin xalqının qanuni hüquqlarına hörmətsizlik, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin açıq şəkildə pozulmasıdır.
Qeyd edək ki, daha əvvəl eyni fikri İsrailin baş naziri Benyamin Netanyahu da səsləndirmişdi. O, Səudiyyə Ərəbistanı ilə bağlı oxşar açıqlama verərək, "Əgər Fələstin dövləti istəyirlərsə, onu Səudiyyə Ərəbistanında qura bilərlər. Geniş torpaqlara sahibdirlər" demişdi./publika.az