Putin üçün qurulmuş “hörümçək toru” - SENSASİON TƏHLİL


Ukrayna kəşfiyyatının “Pauk” əməliyyatı Rusiyanın strateji aviasiyasına ağır zərbə vurdu.

Turkustan.az xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna xüsusi xidmət orqanlarının Rusiya strateji aviasiyasına qarşı keçirdiyi son əməliyyat “Rusiya üçün Pearl Harbor” adlandırılıb. Bu bənzətmə, Kremlin gözləmədiyi anda və ciddi şəkildə zərbə alması baxımından yerində sayıla bilər. Lakin əməliyyatın hərbi-siyasi nəticələri daha da ciddi görünür.

Ən uyğun müqayisə, bəlkə də, 2022-ci ildə müharibənin üçüncü ayında Rusiya Qara Dəniz Donanmasının flaqmanı “Moskva” kreyserinin məhv edilməsi ilədir. Həmin hadisə Rusiya donanmasının döyüş gücünü ciddi şəkildə zəiflətdi və göstərdi ki, qabaqcıl hərbi texnika belə, zərbələrə qarşı həssas ola bilər. Bu zərbədən sonra Rusiya əsas dəniz qüvvələrini Krımdan və Sevastopoldan geri çəkib Novorossiyskə yerləşdirmək məcburiyyətində qaldı.

Eyni vəziyyət indi də aviasiya sahəsində təkrarlanır. Ukrayna dronlarının ardıcıl zərbələri nəticəsində Rusiya strateji bombardmançı təyyarələri Dyaqilyevo (Ryazan), Şaykovka (Kalujsk) və Engels (Saratov) aerodromlarından daha uzaq bazalara – Olenya (Murmansk vilayəti) və Belaya (İrkutsk vilayəti) bazalarına köçürülüb. Bu təyyarələri qorumaq üçün zənit raket kompleksləri yerləşdirilib. Lakin son hücum daha kiçik və sadə dronlarla həyata keçirilib ki, onlara qarşı ağır zenit silahlarından istifadə etmək səmərəsizdir.

İtkilər hələ dəqiq hesablanmasa da, onların bərpası mümkünsüzdür. Müasir Rusiyada strateji bombardmançı təyyarələrin istehsalı mümkün deyil. İstifadədə olan hava texnikası əsasən sovet dövründən qalıb, qismən modernləşdirilsə də, tez-tez sıradan çıxır. İndi isə bu köhnə “Tuşka”lar – Tu-95 və Tu-160 – ciddi şəkildə sıradan çıxarılıb. NATO ilə müharibə üçün nəzərdə tutulan, nüvə daşımaq qabiliyyətində olan bu bombardmançılar, nüvə silahı olmayan bir ölkənin – Ukraynanın – ucuz, lakin effektiv texnologiyası ilə məhv edilib.

ABŞ Pearl Harbor zərbəsindən sonra güclənib qalib gəldi, amma Rusiya fərqli trayektoriyadadır. Müharibənin dördüncü ilində aydındır ki, Rusiya ordusu artıq potensialının zirvəsini keçib. Kadr, resurs və texniki ehtiyatların azalması fonunda Vladimir Putin müharibəni bitirmək üçün təklif edilən fürsətlərdən imtina edir – xüsusən Donald Trampın vasitəçi olmaq niyyətinə baxmayaraq.

Müharibənin yaxın vaxtlarda bitəcəyi ilə bağlı ümidlər getdikcə puç olur. Əksinə, qarşıdurma yeni mərhələyə – qarşılıqlı qəzəb və intiqam mərhələsinə qədəm qoyur. Ukrayna isə bu mübarizədə NATO-nun belə malik olmadığı döyüş təcrübəsi və texniki innovasiyalar nümayiş etdirir. Artıq Qərbdə də getdikcə daha çox səslənən fikir budur: Ukrayna NATO üçün daha dəyərlidir, nəinki NATO Ukrayna üçün. Trampın tez-tez təkrar etdiyi “Zelenskinin kartları yoxdur” fikri isə getdikcə daha mənasız, hətta qorxaqcasına səslənir.

/haqqin.az/


MANŞET XƏBƏRLƏRİ