İstanbulda Rusiya-Ukrayna danışıqlarının atəşkəs olmadan keçirilməsi Rusiya rəhbərliyinin taktiki qələbəsi idi.
Turkustan.az xəbər verir ki,bu, The New York Times tərəfindən edilən dəyərləndirmə olub.
"Bu görüşlər Ukraynanın və onu dəstəkləyən demək olar ki, bütün Qərb ölkələrinin danışıqlara başlamaq üçün şərt kimi israr etdiyi atəşkəsə razılıq vermədən danışıqlara başlamağa müvəffəq olan Rusiya prezidenti Vladimir Putin üçün taktiki qələbə oldu”-deyə, nəşr yazır.
Bununla yanaşı, qəzet Rusiya və Ukrayna nümayəndə heyətlərinin bazar ertəsi baş tutan görüşündən gözləntilərin “az olduğunu” vurğulayır. Onun qiymətləndirməsinə görə, iki ölkənin nümayəndə heyətlərinin “hər iki tərəfi qane edə biləcək şərtlər təqdim edəcəyini” gözləməyə dəyməz.
Bundan əvvəl İstanbulda Rusiya və Ukrayna arasında bərpa olunmuş birbaşa danışıqların ikinci raundu baş tutub. Görüş bir saatdan bir qədər çox çəkdi, nümayəndə heyətləri rus dilində danışdılar. Tərəflər münaqişənin həlli aspektlərinə baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya iki hissədən ibarət memorandumu Ukrayna tərəfinə verib.
Aytən Yaşar/ Turkustan.az