Qurban ətiylə kabab məclisi təşkil etmək vəhşilikdir - İlahiyyatçıdan sərt AÇIQLAMA


Müqəddəs Qurban bayramına sayılı günlər qalıb. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6 və 7-si Qurban bayramı günləri müəyyən edilib. Ənənəvi olaraq, Qurban bayramı zamanı bir sıra mübahisəli məsələlər ortaya çıxır. Qurban ətindən istifadə qaydaları həmişə olduğu kimi bayram öncəsi müzakirə mövzusuna çevrilir.

Turkustan.az xəbər verir ki, İlahiyyatçı Tural İrfan İqtisadiyyataz-a açıqlamasında bəzən insanların qurban ətindən kabab çəkdiyini, eyş-işrət məclisi görüntüsündə ancaq yaxınlarını, iş yoldaşlarını, imkanlı adamları yığıb qonaqlıq təşkil etdiklərini söyləyib.

Qeyd edilən halların həmişə qurbanlıqda müşahidə olunduğunu xatırladan ilahiyyatçı bunu vəhşilik adlandırıb: “Yəni sanki bir şir tutduğu ovun yeyilməsi üçün digər şirləri də çağırır, amma başqa heyvanlara isə vermir. Bunun dinlə və İslamla heç bir əlaqəsi yoxdur. Bu, mağara təfəkkürüdür. Yəni sanki insan mağara dövründə yaşayır, nəsə bir ov tapıb öz yaxınlarını başına yığır. Bu, cəmiyyət, insanlıq və milli mentalitetimiz üçün də böyük günah və mədəniyyətsizlikdir”.

“Bu azmış kimi hətta bəziləri də bu görüntüləri sosial şəbəkələrdə paylaşaraq nümayiş etdirirlər. Bu, cəmiyyət içində bir mədəniyyətsizlikdir. Ümumiyyətlə yaxşı olardı ki, insan yaxşılığı da gizlin etsin, öz yaxşılığını reklam etməsin”, - ilahiyyatçı əlavə edib.

Xatırladaq ki, bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.


MANŞET XƏBƏRLƏRİ