Qərb ölkələri ilə Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir. Almaniyanın müdafiə rəsmilərinin “Moskva ilə mümkün müharibəyə hazırlaşırıq” bəyanatından sonra Böyük Britaniyadan da oxşar səslər eşidilməyə başlayıb. Bu, beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Sözügedən açıqlamaların real təhlükənin xəbərçisi olub-olmadığı isə sual altındadır.
Almaniya və Britaniyanın ardıcıl şəkildə Rusiya ilə müharibə ehtimalına dair mesajları nə ilə bağlıdır? Bu, real təhlükənin siqnalıdır, yoxsa siyasi təzyiq və psixoloji müharibənin bir hissəsidir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, hazırda birbaşa olmasa da, Qərblə Rusiya arasında ciddi toqquşma yaşanır və bunun təməli Ukrayna müharibəsindən sonra qoyulub:
“Bu siyahıya əvvəllər ABŞ da daxil idi. Lakin Donald Trampın hakimiyyətə qayıdışından və Rusiyaya qarşı münasibətin dəyişməsindən sonra iki ölkə arasındakı gərginlik müəyyən dərəcədə azaldı. Almaniyada Olaf Şolz hökuməti Moskvaya qarşı sərt mövqe nümayiş etdirsə də, birbaşa toqquşmadan çəkinirdi. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərmək barədə qərar qəbul edəndə onlar buna qarşı çıxmışdı. Ancaq yeni hakimiyyətə gələn Fridix Mertz hökuməti Kreml əleyhinə ritorikanı daha da sərtləşdirib”.
Ekspert xatırladıb ki, Böyük Britaniya hazırda Ukraynaya ən çox dəstək göstərən ölkədir:
“Londonun bu cür mövqe sərgiləməsi gözlənilən idi. Ancaq nə Almaniyanın, nə də Britaniyanın Rusiya ilə birbaşa müharibəyə girməsi gözlənilmir. Çünki hər iki dövlət NATO-nun üzvüdür və Moskva ilə silahlı toqquşma Rusiya–NATO müharibəsi anlamına gələr”.
Qeyd edək ki, Almaniya 2029-cu ilə qədər ordunun gücləndirilməsi istiqamətində müəyyən işlərin görüldüyünü açıqlayıb. Ardınca Böyük Britaniyada da oxşar bəyanatlar səsləndirilib. Həmçinin, Rusiya ilə hərbi toqquşma riski barədə NATO-ya xəbərdarlıq edilib.