Qərb ölkələrinin sülh danışıqlarına münasibətinə diqqət çəkən xarici ekspertlər avropalıların Rusiya ilə müharibə etmək üçün silahlandığını bildiriblər.
Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Braziliyalı beynəlxalq əlaqələr üzrə ekspert Rikardo Kabral bildirib ki, Kiyev hazırda “neytral status”la razılaşmaqda və NATO-ya üzv olmaqdan imtina etməkdə çətinlik çəkir.
O, Rusiyanın müvafiq tələblərinə cavab olaraq ABŞ və Avropadan təzyiq gözlənildiyini deyib. Qeyd edib ki, bu, Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə etməyi çətinləşdirəcək:
“Bu yolla sülh razılaşması əldə olunmayacaq. Qərblilər məqsədlərinin Rusiyanı mühasirəyə almaq olduğunu gizlətmirlər. Rusiya bundan əvvəl iki dəfə NATO-ya üzv olmaq təklifi etmiş və hər iki dəfə rədd edilmişdi. Niyə? Çünki NATO Sovet İttifaqına qarşı mübarizə aparmaq üçün yaradılıb və Rusiya Soyuq Müharibə bitəndən bəri təhdid kimi göründüyü üçün ittifaq olaraq qalır. Onlar Rusiya ilə müharibə etmək üçün silahlanırlar. Ona görə də Rusiya da bu strateji məsələləri nəzərə almalıdır. Bu nöqtədə heç bir razılaşma, sülh sazişi olmayacaq”.
Argentinalı beynəlxalq əlaqələr üzrə ekspert Martin Rodriqez bildirib ki, görüşün, bir gün əvvəl Ukrayna ordusunun həyata keçirdiyi hücumlara baxmayaraq baş tutması hər iki tərəfin dialoqu davam etdirmək və gələcəkdə bu münaqişəyə son qoymaq istədiyini göstərir:
"Son hadisələri nəzərə alsaq, görüşün kifayət qədər qısa olacağı proqnozlaşdırılırdı, lakin vacib olan onun baş tutmasıdır. Avropa ölkələrinin, xüsusilə İngiltərə, Almaniya və Fransanın münasibəti münaqişənin həllinə zərrə qədər də kömək etmir. Qitənin aparıcı dövlətlərinin rəhbərlərinin Rusiya ilə münaqişəyə doğru getdikləri barədə öz xalqlarına açıqlamaları bu ölkələrə ziyan vurur. Bu cür davranışların sərgilənməsi doğru deyil”./publika.az