Avropa ilə İsrail arasında əsəblər gərilir: “Soyqırımı dövləti” və “qatillər ordusu”


Mixail Qureviç: “Onlar həm israillilərdən, həm də fələstinlilərdən siyasi oyunlarda sövdələşmə obyekti kimi istifadə edirlər”

Şimon Briman: “Təhlükəsizliyimiz və israillilərin həyatı Qərb paytaxtlarından gələn hər hansı təhdiddən daha vacibdir”

İspaniya hökuməti İsrailə silah embarqosu tətbiq etməyə çağırıb. Bunu İspaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Xose Manuel Albares deyib: “Hər kəs silah embarqosunu həyata keçirməlidir və İsrailə silah satışı istisna edilməlidir”.

O, həmçinin Qəzzada döyüşlər bitməsə, Avropa İttifaqı (Aİ)-İsrail assosiativ sazişinin dayandırılmasına çağırıb: “Biz hər birimizin və Aİ-nin sahib olduğu fərdi sanksiyaların milli siyahısına yenidən baxmalıyıq”.

XİN başçısı bunları da əlavə edib: “İsrailin ən yaxın beynəlxalq müttəfiqlərinin çoxu, Qəzzaya davam edən zərbələr və çox ehtiyac duyulan humanitar yardımın dondurulması səbəbindən Baş nazir Benyamin Netanyahunun hökuməti ilə açıq şəkildə münasibətləri dondurdular. Netanyahu oktyabrın 7-də baş verən hücumlardan sonra Fələstinin HƏMAS qrupunu dəf etmək üçün görünməmiş beynəlxalq legitimlik əldə etmişdi”.

Lakin müharibə uzandıqca dəstəyin tədricən azalması diplomatik sunamiyə çevrilib. “Netanyahu, mart ayında əldə edilən atəşkəsdən və Qəzzaya bütün ərzaq, su və tibbi ləvazimatların kəsilməsindən sonra son iki ay ərzində, ABŞ istisna olmaqla, Qərbdə qalan dostlarının çoxunu itirdi”, - deyə Alberes vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın köməkçiləri Netanyahuya müharibəni dayandırmalı və yardımın daxil olmasına icazə verməli olduğunu açıq şəkildə bildirdilər, baxmayaraq ki, Tramp öz narahatlıqlarını gizli saxlayıb. Bir neçə başqa lider ictimaiyyət qarşısında çıxış edib.

Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Mark Karni və Böyük Britaniyanın Baş naziri Keir Starmerin yaydığı birgə bəyanatda deyilir: “Netanyahu hökuməti bu çirkin hərəkətləri davam etdirərkən biz dayanmayacağıq. İsrail yenidən hərbi hücumunu dayandırmasa və humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, cavab olaraq daha konkret addımlar atacağıq”.

Netanyahu bu bəyanata qəzəbli cavab verib və hər üç ölkəni HƏMAS-ın tapşırığını yerinə yetirməkdə ittiham edib: “Onlar İsrailin geri çəkilməsini, HƏMAS-ın kütləvi qatillər ordusunun sağ qalmasını və 7 oktyabr qırğınını yenidən təşkil etməsini istəyirlər, çünki HƏMAS bunu etməyə and içmişdi. Mən Prezident Makrona, Baş nazir Karniyə və Baş nazir Starmerə deyirəm: kütləvi qatillər, təcavüzkarlar, uşaq qatilləri və adam oğruları sizə təşəkkür edirsə, deməli siz haqlı insanların tərəfində deyilsiniz, tarixin yanlış tərəfindəsiniz”.

Cümə axşamı İngiltərə İsraillə ticarət danışıqlarını dayandırdığını və "fələstinlilərə şiddətli hücumlarda iştirak edən" israilli məskunlaşanlara qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Fransanın gələn ay iki dövlətli həll yolunu müdafiə etmək üçün Səudiyyə Ərəbistanı ilə birgə konfransa ev sahibliyi etməsi və Fələstin dövlətini rəsmən tanıması gözlənilir. İspaniya artıq keçən il Norveç və İrlandiya ilə birlikdə Fələstin dövlətini tanıyıb, Baş nazir Pedro Sançes isə keçən həftə İsraili “soyqırımı dövləti” adlandırıb və onun “Eurovision” mahnı müsabiqəsində iştirakını qadağan etməyə çağırıb.

Çərşənbə axşamı Aİ-nin 27 xarici işlər nazirindən 17-si İsrailin digər əsas müttəfiqi olan Hollandiyanın İsraillə ticarət və əməkdaşlıq paktını yenidən müzakirə etmək təklifini dəstəkləyib.

Bütün bu anti-İsrail addımların arxasında nə dayanır? İnanmaq çətindir ki, yüksək rütbəli avropalı siyasətçilər bu cür bəyanatlar və qərarlarla terrorçuların maraqlarını irəli sürdüklərini və onlarla vuruşmağa məcbur olan İsrailin vəziyyətini daha da pisləşdirdiklərini səmimi şəkildə başa düşmürlər. Bütün bu ritorikanın mənası nədir? Aİ rəsmiləri nəyə nail olmağa çalışır?

AYNA.AZ baş verənləri tanınmış israilli ekspertlərlə müzakirə edib.

Analitik, jurnalist Mixail Qureviç:

“Burada, ümumiyyətlə, belə davranışa təsir edən bir neçə amil var. Bir tərəfdən, Qərb ölkələri əlbəttə ki, müharibədən yorulub. Onların bir neçə müharibəsi var. Üstəlik, onlar ABŞ-dan Netanyahuya müəyyən təzyiqlərin olduğunu hiss edirlər və bu məqamdan istifadə edərək, öz seçicilərinə, ictimaiyyətinə onların da narazı olduqlarını göstərmək üçün bir növ korrektə edirlər və Netanyahu hökumətinə təzyiq göstərirlər. Əgər ciddi şəkildə desək, hərbi əməliyyatlar birtəhər sona çatarsa, onlar bildirə biləcəklər ki, onların səyləri İsraili Qəzzada hərbi əməliyyatları dayandırmağa məcbur edən ən son məqamdır. Bu, bir tərəfdən.

Təbii ki, solçu partiyalara səs verən, mütərəqqi və solçu gündəmə sadiq olan seçicilərin əhəmiyyətli bir hissəsi var ki, İsrail əleyhinə və ya Fələstin tərəfdarı olan hekayələri dəstəkləyir. Buna görə də bu tamaşaçıya diqqət yetirmək lazımdır, onları hansısa şəkildə əyləndirmək lazımdır.

Amma eyni zamanda, hər bir ölkənin konkret səbəblərini də qiymətləndirməmək olmaz. Fransaya gəlincə, biz bilirik ki, Makron son illərdə dəfələrlə vasitəçi, sülhməramlı olmağa çalışıb. Biz 2022-ci ilin əvvəlində Kremldəki uzun masanı xatırlayırıq. Makronun Ermənistan ilə Azərbaycan arasında sülhməramlı olmaq cəhdlərini xatırlayırıq. İndi də İsrail-Fələstin yolunda o, bir növ sülhməramlı olmağa çalışır. Əvvəllər onun hər cəhdi, ümumiyyətlə, uğursuzluqla nəticələnirdi. Mən şübhələnirəm ki, indiki də eyni sonluqla bitəcək.

Bu sülh konfransına gəlincə, daha mürəkkəb sxem var. Makron Fransanın Fələstini dövlət kimi tanıyacağını, Səudiyyə Ərəbistanının da İsraili tanıyacağını bildirib. Qorxuram ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın Makrona belə bir hədiyyə verməyəcəyi ehtimalı azdır - əgər o, bunu etsəydi, Makrondansa, onu Trampa verməyi üstün tutardı. Amma istənilən halda Paris də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi burada öz rolunu oynamağa və bir növ öz sözünü deməyə, özünü bir növ nüfuzlu qüvvəyə çevirməyə çalışır.

Bu, olduqca qəribədir. Nəyə görə Fransa İsrailə təzyiq etmək əvəzinə, Livandakı vəziyyətin həllində, Suriyada İsrail və HƏMAS məsələsində olduğundan qat-qat passiv mövqe tutaraq, daha az fəallıq nümayiş etdirir?

Baş nazir Sançesə gəlincə, onun mövqeyi ümumiyyətlə, qəbuledilməzdir. O, Kataloniyadan olan separatçılar, Bask ölkəsindən olan separatçılar kimi regional separatçı siyasətçilərə arxalanan azlıq koalisiyasının Baş naziridir. Üstəlik, Podemos partiyasından uzaq solçular onun koalisiyasında çox mühüm rol oynayır. Amma o, birtəhər bu koalisiya tərəfdaşlarını dəstəkləməlidir, çünki onlar getsələr, o zaman hökumət dağılacaq və bütün sorğulara görə, sosialistlər yeni koalisiya yarada bilməyəcəklər və çox güman ki, hakimiyyət daha çox israilyönlü Xalq Partiyasına keçəcək. Avropa Parlamentinə seçkilərin nəticələrinin göstərdiyi kimi, indiki qüvvələr nisbəti məhz belədir.

Yeri gəlmişkən xatırlada bilərik ki, Makron qəfil seçkilərdən sonra yalnız solçu qüvvələrlə koalisiya yarada bilmişdi, çünki o, Marin Le Penin Milli Birliyinə qarşı çıxır. Deməli, bunlar həm də daxili siyasi oyunlardır, İsrail və fələstinlilər siyasətçilərin koalisiyalarının sabitliyinin girovuna çevrilirlər. Onlar bir növ hakimiyyətdə qalmaq üçün həm israillilərdən, həm də fələstinlilərdən öz tərəfdaşları ilə siyasi oyunlarda sövdələşmə obyekti kimi istifadə edirlər.

Məsələn, İsraillə azad ticarət sazişinin uzadılması ilə bağlı danışıqları dondurduğunu elan edən Böyük Britaniyadan fərqli olaraq, Avropa İttifaqına münasibətdə bunu etmək daha çətindir, çünki Aİ-də konsensus prinsipi işləyir və burada İsrailin Macarıstan, Almaniya və Çexiya timsalında etibarlı müttəfiqləri var. Buna görə də həm Sançes, həm də Makron çox yaxşı başa düşür ki, onların İsrailə qarşı Avropa sanksiyalarını (iqtisadi, diplomatik) tətbiq edə bilməyəcəkləri ehtimalı azdır.

Fərdi sanksiyalara gəlincə, onların bəziləri artıq tətbiq edilib. Hər halda həmin Sançes İsraillə hərbi sahədə ticarət etmədiyini deyir. Və ümumiyyətlə, eyni Sançesə görə ticarətin azaldığı iddia edilir. Ancaq istənilən halda, Knessetin bəzi üzvlərinə və ya məsələn, köçkünlərə qarşı bəzi şəxsi sanksiyalar hələ də ola bilər, çünki ABŞ Bayden dövründə sanksiyalar tətbiq edib, Böyük Britaniya da buna bənzər sanksiyalar tətbiq edib. Bu cür şəxsi sanksiyalar tamamilə mümkündür, lakin Avropa İttifaqı daxilində daha genişmiqyaslı sanksiyalara gəlincə, bunun həyata keçirilməsi olduqca çətin olacaq”.

Jurnalist və tarixçi Şimon Briman:

“Avropanın tanınmış siyasətçilərinin bu cür ritorikasının mənası ondan ibarətdir ki, onlar öz zəif gizlədilmiş anti-semitizmlərinin təzyiqi altındadırlar və getdikcə bu ölkələrdə artan müsəlman azlığın səslərindən asılı olurlar. Hər il yanvarın 27-də - Beynəlxalq Holokostu Anma Günündə həmin siyasətçilər “Bir daha heç vaxt!” üslubunda adi boş sözlər deyirlər.

Avropa liderlərinin ikiüzlülüyü onda ifadə olunur ki, onlar ölən yəhudilərə – Holokost qurbanlarına yas tutmağa hazırdırlar, lakin bu siyasətçilər heç bir halda diri yəhudilərin – İsrail dövlətinin tam və sarsıdıcı qələbəsinə imkan verə bilməzlər. Onların ikiüzlülüyü 2023-cü il oktyabrın 7-də HƏMAS terrorçuları tərəfindən həyata keçirilən qətliamın israilli qurbanlarına başsağlığı verməkdə - eyni zamanda İsrailin təhlükəsiz yaşamaq hüququnu inkar etməkdə də özünü göstərir. İsrailin Qəzza zolağındakı terror mənbəyini birdəfəlik məhv etmək istəyi bu Avropa liderlərinin qəzəbinə səbəb olur.

Ona görə də İsrail Avropanın bu təhdidlərinə heç vaxt əhəmiyyət verməyib və bundan sonra da diqqət etməyəcək. Təhlükəsizliyimiz və israillilərin həyatı Qərb paytaxtlarından gələn bütün təhdidlərdən daha vacibdir. Onilliklər ərzində İsrail öz salamatlığının qayğısına qalmağı çoxdan öyrənib - hətta tərəfdaş ölkələrin tənqidi və təhdidləri ilə müşayiət olunsa da.

O ki qaldı İsrailə qarşı iqtisadi sanksiyaların tətbiqi təhlükəsinə, bu, Aİ daxilində bir çox müzakirə və səsvermə mərhələlərindən ibarət çox mürəkkəb və ləng prosesdir. Üstəlik, Avropa İttifaqının bütün 27 üzvünün yekdil səsi tələb olunur. Xoşbəxtlikdən, Aİ daxilində bir sıra ölkələr var ki, ümid edirik ki, sanksiyaların əleyhinə səs verəcək və ilk növbədə sol və ya ultra sol partiyaların hakimiyyətdə olduğu ölkələrdən gələn bu biabırçı təşəbbüsün qarşısını alacaq”.


MANŞET XƏBƏRLƏRİ