Peskovun şifrəli mesajı: ABŞ niyə geri çəkilir?


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlaması diqqət çəkir. O bildirib ki, Moskva ilə Kiyev arasında birbaşa əlaqələrin qurulması ehtimalı gündəmdədir. Bu bəyanat Vaşinqtonun vasitəçilik missiyasının kənara atılması kimi dəyərləndirilir və ABŞ-ın prosesdən mərhələli şəkildə uzaqlaşdırılacağına işarə edilir.

Bu, Donald Trampın Rusiya-Ukrayna müharibəsinə marağının zəiflədiyini göstərir? ABŞ artıq bölgədə təsir imkanlarını itirirmi?

Globalinfo.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Donald Tramp və Vladimir Putin arasında baş tutan 2 saatdan artıq telefon danışığının nəticə verəcəyi əvvəlcədən gözlənilən idi:

“Vladimir Putin hazırkı mərhələdə müharibənin dayandırılmasında maraqlı deyil. Danışıqlardan sonra Kiyev ərazisinə edilən dron hücumları da bunu təsdiqləyir. Rusiya silahlı qüvvələri hərbi potensialını daha da artırır. Putin Donbas, Zaporojye, Xerson və Luqansk vilayətlərini tam şəkildə Rusiyanın nəzarətinə keçirməyə çalışır. Ukrayna isə bu prosesi qəbul etmədiyini dəfələrlə bəyan edib. Atəşkəsin əldə olunmasına cəhdlər olsa da, Rusiya tam razılıq vermir. Bu istiqamətdə müəyyən danışıqlar aparılır. Lakin görünən odur ki, müharibənin tam dayandırılması Rusiyanın maraqlarına uyğun deyil. Hazırda Kreml iqtisadiyyatını müharibə üzərində qurub, silah və sursat istehsal edən zavodlar fasiləsiz fəaliyyət göstərir. Avropa İttifaqı Rusiyaya qarşı artıq 17-ci sanksiya paketini təsdiqləyib ki, bu da Moskva üçün ciddi iqtisadi zərbədir. Eyni zamanda, neftin qiymətinin aşağı salınması ilə bağlı razılıq əldə olunub”.

elsad hesenov esas 1

Elşad Həsənov

Politoloqun sözlərinə görə, Donald Trampın Birləşmiş Ərəb Əmirliklərinə səfəri də məhz neft qiymətləri ilə bağlı müzakirələrə yönəlib:

“ABŞ-ın bu strategiyası Rusiyanın zəiflədilməsi və tədricən çökməsinə hesablanıb. Lakin Rusiya bu istiqamətdə də mübarizəsini davam etdirir və İran, Şimali Koreya, Çin kimi ölkələrdən hərbi dəstək alır. Müharibə davam etdikcə, Kreml tədricən zəifləyəcək və nəticədə Putin Trampın təzyiqləri qarşısında atəşkəs imzalamağa məcbur qala bilər. Əgər Moskva atəşkəslə razılaşmasa, daha sərt və öldürücü sanksiyalarla üzləşəcək.

Ümumilikdə, Rusiya və Ukrayna arasında danışıqların baş tutması gözləniləndir. Lakin yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağı real görünmür. Tərəflərin kompromisə gəlməsi üçün həm ABŞ, həm də Avropa İttifaqının liderləri ciddi səylər göstərir.

ABŞ daha əvvəl də bildirmişdi ki, əgər Rusiya danışıqlara razılaşmasa, Vaşinqton vasitəçilikdən çəkiləcək. Çünki müharibənin alovlanmasında Avropa ölkələrinin də rolu olub və bu problemi ilk növbədə onlar həll etməlidirlər. Donald Tramp artıq Putinlə bağlı əvvəlki mövqeyində yanıldığını anlayır. Bu səbəbdən ABŞ geri addım ata bilər”.


MANŞET XƏBƏRLƏRİ