Tramp İrəvanı pərt etdi - ABŞ Ermənistanı unudub


Paşinyan iqtidarı əməkdaşlıq üçün dəridən-qabıqdan çıxır, Ağ Ev isə "erməni kartı"nı bükərək bir kənara atıb

100 gün ərzində ABŞ lideri Donald Tramp komandası ilə Ermənistan hakimiyyətinin təmasları xüsusi nəticə vermədiyindən ikitərəfli münasibətlərdə aktiv iştirakı təmin etmək mümkün olmayıb. Bu barədə Amerika Tədqiqatları Erməni Mərkəzi məlumat yayıb. Mərkəz qeyd edib ki, buna görə də Ermənistan hakimiyyəti ABŞ administrasiyası ilə əməkdaşlıq qurmaq üçün alternativ yollar axtarmaq qərarına gəlib.

Göründüyü kimi, Ermənistan Trampın birinci prezidentliyi dövründə ABŞ üçün maraqlı olmayıb. Həmin siyasət Trampın ikinci prezidentliyi dövründə də özünü göstərir.

Trampın İrəvana münasibəti Baydendən niyə fərqlənir? Axı keçmiş prezident gedər-getməz iki ölkə arasında xartiya da imzalanmışdı. Fevralda isə amerikalı sərhədçilər Ermənistana yerləşməliydi. Ancaq bu işdən xəbər-ətər yoxdur.

Elşən Musayev: Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına  qaçma

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında Paşinyanın Tramp tərəfindən bir küncə atıldığını qeyd etdi: “Ermənistanın elə ən böyük problemi ondadır ki, bu dövlət öz siyasi gələcəyini hər zaman kimlərəsə ümid bağlayaraq formalaşdırıb, bütün strategiyasını və planlarını hansısa güclərin, hakimiyyətlərin perspektivi üzərində qurub. Ona görə də indi bu gündədir. Daha dəqiq desəm, bir vaxtlar Baydendən dəstək almağı bacaran Paşinyan hazırda Tramp tərəfindən küncdə, kənarda, kəndarda saxlanılıb. Gözlənilən idimi? Əlbəttə. Niyə? Çünki Amerika Prezidenti xarici siyasətdə tam fərqli bir istiqamət götürüb və demək olar ki, Bayden administrasiyasının yürütdüyü xətdən yüzəyüz imtina edib”.

Deputat hesab edir ki, erməni lobbisi isə gücsüzdür: “Həmin lobbi son prezident seçkisində, ən çətin ştatlarda dəstəyi Trampa deyil, məhz Baydenə verib. Üstəlik, Paşinyanı hakimiyyətə gətirən qüvvə kimdir? - Soros. Yəni hamı bilir ki, Ermənistanın mövcud hakimiyyəti kimin "əsəridir". Yaxşı, bəs Soros kimdir? - Trampın ən böyük düşmənlərindən biri. Trampı indiyə qədər ən çox tənqid, hətta təhqir edənlərdən biri. Trampın hakimiyyətə gəlməməsi və Baydenin qələbəsi üçün dəridən-qabıqdan çıxan, milyardlar xərcləyənlərdən biri. Məncə, bu məqamda artıq əlavə şərhə ehtiyac yoxdur. Hər şey gün kim aydındır. Qısası, Trampın hakimiyyəti dövründə Paşinyan komandası üçün yaxşı perspektiv vəd edən heç nə gözlənilmir və Ermənistan müstəqil olmadığı müddətdə vəziyyət hər zaman belə qalacaq".

Sona Əliyeva:

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, ABŞ-ın hazırkı gündəliyində Ermənistan və ermənilərə dəstək məsələsi arxa plana keçib: “Tramp administrasiyası seçki prosesində sələflərinin siyasi xəttinə sadiq qalaraq erməni diasporunun imkanlarından məharətlə yararlandı. İstədiklərini aldıqdan sonra " kartı" bükülərək bir kənara atıldı. Daha sonra yenidən ermənilərlə bağlı seçkiöncəsi vədlərə geri dönüş edilmədi. İndi Birləşmiş Ştatlar geoiqtisadi layihələr üzərində baş sındırır. Azərbaycan öz geostrateji mövqeyinə görə hər zamankı kimi ön plandadır. Orta dəhliz, İran-Ermənistan, Türküstan regionu və Türkiyə-İsrail, Türkiyə-Rusiya məsələlərində Azərbaycan daha aktiv oyunçu kimi xarakterizə edilməlidir".

S.Əliyeva hesab edir ki, Ermənistanla ABŞ arasında imzalanan məlum xartiyadan sonra İran da geostrateji səhvlərini başa düşüb: “Bu səhvləri Tehrana məhz Bakı öz ağıllı addımları ilə göstərdi. İndi vəziyyət dəyişib. Ermənistan artıq heç region bir ölkələrinə də lazım deyil. Amerikadan soyuq münasibət görən Paşinyan hökuməti yenidən Rusiyaya yaxınlaşmaq istəyir. Paşinyanın Moskvadakı paradda iştirakı da bundan qaynaqlanırdı. Üstəlik, Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində Ermənistanın baş nazirinə Qərb liderlərinin soyuq münasibəti də gedişatın Ermənistan üçün ürəkaçan olmadığını ortaya qoydu. İndi Ermənistanı yalnız Fransa dəstəkləyir. ABŞ daxil olmaqla, digər Qərb ölkələri də İrəvana lazımlı oyunçu kimi baxmırlar”.


MANŞET XƏBƏRLƏRİ