Kiyevdən Moskvaya 9 may sürprizi - Ukrayna buna getsə...


"Bu təxribatı müharibənin uzanmasını istəyən Qərb dövlətləri də həyata keçirə bilər"

“Ukraynanın strategiyası mülki şəxslərə zərbə endirmək deyil, bu, Rusiyanın etdiyi bir şeydir. Ona görə də 9 mayda Moskvada keçiriləcək paradda Ukraynanın hücumu gözlənilmir”. Bunu ukraynalı hərbi ekspert Andrey Kramarov bildirib. O qeyd edib ki, Moskvada parada cəlb olunan hərbi qüvvələrin məhv edilməsi üçün başqa əlverişli bir an var: “Ukraynanın strategiyası mülki insanlara zərbə endirmək deyil, bunu Rusiya edir. Amma 8 may var. Paraddan əvvəl həmin gün ümumi məşq keçirilir. Əgər bu ümumi məşqə zərbə vurmaq mümkün olsa, bu, sadəcə, əla olardı”.

Analitik əlavə edib ki, bu məşqlər mühafizə olunur və adətən səhər tezdən və ya gecə keçirilir, buna görə də ətrafda mülki şəxslər olmur. O, həmçinin vurğulayıb ki, Moskvada havadan müdafiə sistemində ciddi problemlər olduğu deyilir: “Çox istərdim ki, bizim Baş Kəşfiyyat İdarəmiz bu barədə məlumatları əldə etsin”.

Kiyev Moskvaya 9 may sürprizi hazırlayır?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Moskvada keçirilən 9 may paradının vurulması mümkündür: “Ukrayna Prezidentinin və digər rəsmi şəxslərin buna eyham vuran açıqlamaları belə düşünməyə əsas verir. Bundan əlavə, Ukrayna rəsmilərinin bu təhdidləri həmin təxribatın Rusiyanın özü tərəfindən həyata keçirilib, məsuliyyətini Ukraynanın üzərinə atması üçün də bəhanə yaradıb. Hətta bu təxribatı Rusiya-Ukrayna müharibəsinin uzanmasını istəyən Qərb dövlətləri də həyata keçirə bilər. Bilirsiniz ki, bir müddət əvvəl Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Bruno Kahl açıqlama verərək Ukrayna-Rusiya savaşının tezliklə başa çatmasının Avropa üçün ciddi risklər doğuracağını bildirmişdi. Onun fikrincə, müharibənin daha 5 il davam etməsi Avropa ölkələrinin hərbi qüdrətini artırmaq və Rusiya ilə savaşa hazır olması baxımından olduqca vacibdir. Əgər Avropanın belə bir niyyəti varsa, təxribatın onlar tərəfindən törədilə bilməsi də istisna olunmamalıdır”.

Heydər Oğuzun fikrincə, Ukraynanın 9 may paradını hədəf alması rəsmi Kiyevdən başqa digər bütün tərəflərin maraqlarına uyğundur: “Rusiya bu faktdan istifadə edərək və yaxud özü saxta hücum planını işə salaraq, beynəlxalq ictimai rəyi Ukraynanın əleyhinə qaldırmağı düşünə bilər. Bununla da özünün Ukraynaya daha ağır hücumlarına bəraət qazandıra və onu hərbi yardımlardan məhrum buraxa bilər. Avropa ölkələri Rusiyanın başını Ukraynada daha çox qatıb hərbi qüdrətini artırmaq üçün vaxt qazana bilər. Ukrayna isə düşünürəm ki, bu cür bəyanatlarla Rusiyaya təzyiq etmək, onu uzunmüddətli və ön şərtlərsiz atəşkəsə razılaşmaq məcburiyyəti qarşısında qoymaq istəyir. Ancaq onun bu manevrinin əks-nəticə verməsi, hücumların intensivliyini və ağırlıq dərəcəsini artırmaq ehtimalı da var. Fikrimcə, ukraynalılar bu cür riskli bəyanatlardan qaçmalı, dosta, düşmənə bəhanələr verməməlidir”.

Emin Həsənli: Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola bilməz  - MÜSAHİBƏ

Emin Həsənli

Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a deyib ki, Ukraynanın belə bir addım atacağı inandırıcı deyil: “Xüsusən ABŞ-ın vasitəçiliyi ilə danışıqların getdiyi bir vaxtda Ukraynanın 9 may paradını hədəf alması çox ağır nəticələr verə bilər. Müharibə vəziyyətində olan dövlətlər də müəyyən məsələlərdə gözləmə mövqeyində dayanırlar. 9 may təkcə Rusiyanın deyil, həm də Ukraynanın, keçmiş sovet respublikalarının bayramıdır. Hətta ABŞ 1945-ci ildən 2 sentyabrı - Yaponiya üzərində qələbəni qeyd edir. Tramp 8 may gününü - faşizm üzərində qələbəni qeyd etmək istədiyini də gizlətmir. Deyir ki, ABŞ-ın yardımları olmasaydı, İngiltərə dəstək verməsəydi, bu qələbə də olmazdı. Azərbaycanın da bu qələbədə payı var. Azərbaycan bu qələbə üçün 300 min nəfərdən artıq vətən övladını şəhid verib. Bakı nefti qələbənin əsas təminatçısı olub. Silah zavodları, hospitallar Bakıda yerləşib. Bu, ümumi bir qələbədir”.

Hərbi ekspert deyib ki, 9 mayda keçiriləcək hərbi parad zamanı hücumların olması variantı əlbəttə ki, diqqətə alınıb: “Ukraynanın dronlar, pilotsuz uçuş aparatları ilə kütləvi hücum edə bilməsi yəqin ki, Rusiyada nəzərdən keçirilir. 9 may günü Ukraynanın belə bir addıma getməsi çox ağır nəticələrə yol aça bilər”.


MANŞET XƏBƏRLƏRİ