Dronlar Rusiya kosmik kəşfiyyat mərkəzini hədəfə aldı


Ukrayna Rusiyanın "Zvezda" kosmik kəşfiyyat sisteminə dronlarla hücum edib.

Turkustan.az xəbər verir ki, bu barədə The New Voice of Ukraine məlumat yayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko mayın 2-də Telegram kanalında bildirib ki, Stavropol diyarındakı Moskovskoye kəndi yaxınlığında yerləşən Rusiyanın “Zvezda” kosmik kəşfiyyat sistemi dronlarla vurulub.

Bu obyekt, Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (GRU) 33443 saylı hərbi hissəsi olaraq, kosmik kəşfiyyat, elektron dinləmə, qlobal rabitə və siqnal analizində mühüm rol oynayır. Təxminən 450 km arxa cəbhədə yerləşən bu sistem 1970-ci illərdə yaradılıb və Sovet İttifaqı daxilində 11, xaricdə isə Kuba, Vyetnam, Birma və Monqolustanda 4 stansiyadan ibarət olub.

Sovet İttifaqının dağılmasından sonra fəaliyyətini davam etdirən azsaylı obyektlərdən biri olan “Zvezda” kəşfiyyat sistemi bu gün də Rusiya hərbi kəşfiyyatının strateji infrastrukturunun tərkib hissəsidir. Ukraynalı rəsmilər bildiriblər ki, bu obyekt hərbi zonalardakı vəziyyətə nəzarət, informasiya-psixoloji əməliyyatların və kiberkəşfiyyat fəaliyyətlərinin hazırlanmasında istifadə olunur. Kovalenko qeyd edib ki, bu, Rusiya kəşfiyyatının mühüm dayaqlarından biridir.

Rusiya Müdafiə Nazirliyi isə həmin gün 121 dronun ölkənin müxtəlif bölgələri üzərində vurulduğunu açıqlayıb. Qeyd edək ki, bu obyekt daha əvvəl, 2024-cü ilin iyulunda da Ukrayna dronları tərəfindən hədəf alınmışdı. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ