Suriya Xarici İşlər Nazirliyi bəzi qrupların “beynəlxalq müdafiə” çağırışlarına reaksiya verərək, ölkənin daxili işlərinə hər hansı xarici müdaxiləni rədd etdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin X sosial media hesabından edilən yazılı açıqlamada: "Suriya Ərəb Respublikası daxili işlərinə hər hansı kənar müdaxiləni açıq şəkildə rədd edir. Suriya ərazisində zorakılıq aktlarında iştirak edən və qeyri-qanuni fəaliyyət göstərən qrupların son "beynəlxalq müdafiə" çağırışlarını qeyri-qanuni tələblər kimi qiymətləndirir və tamamilə rədd edirik"-deyə, bildirilib.
Bəyanatda qeyd olunub ki, bu qrupların əməlləri ölkənin birliyinə birbaşa təhlükə yaradır və bütün ölkə ərazisində təhlükəsizliyin və sabitliyin bərpası istiqamətində milli səylərə zərbə vurur.
“Suriya Ərəb Respublikası ayrı-seçkilik olmadan əhalinin bütün təbəqələrini, o cümlədən milli toxumanın tərkib hissəsi olan qiymətli druz icmasını qorumaq əzmini ifadə edir”.
Aytən Yaşar/ Turkustan.az