Üç türk komandasının uğursuz həftəsi: 0:17


Futbol üzrə Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin qrup oyunlarının ikinci turu türk ölkələri üçün acınacaqlı keçdi. Sentyabrın 5-də Azərbaycan yığması İslandiya seçməsinə səfərdə 5 cavabsız qolla məğlub oldu. Dünən isə, sözün həqiqi mənasında futbolsevərlər şok yaşadı.

Heç kəsin gözləmədiyi halda Türkiyə öz doğma azarkeşlərinin önündə İspaniya qarşısında nə az, nə də çox, düz 0-6 hesabı ilə unudulmaz bir məğlubiyyət yaşadı. Paraleldə keçən oyunda isə, Qazaxıstan Belçikaya 6-0-la darmadağın oldu.

Bütün bu nəticələrin ardından türk azarkeşləri hər üç hesaba görə baş məşqçiləri sərt şəkildə qınayırlar. Artıq Qazaxıstan millisinin azərbaycanlı baş məşqçisi Əli Əliyev istefa verib. Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş isə vəzifəsindən qovuldu. Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella ilə görünən odur ki, qardaş ölkənin futbol federasiyonu davam etmək niyyətindədir. Buna səbəb kimi də, İspaniyanın dünyanın hazırda bir nömrəli milli komanda olması və italiyalı məşqçinin türk millisi ilə indiyə qədər əldə etdiyi uğurlar göstərilir.

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a bildirdi ki, Azərbaycanda bu sahədə çətinliklərin kökü hələ 90-cı illərə gedib-çıxır:

“O vaxtdan bəri dağıdılan futbol təsərrüfatı bu günə qədər normal vəziyyətə gətirilməyib. İnfrastruktur yoxdur, uşaq futbolu normal vəziyyətdə deyil, kadr potensialımız zəifdir, futbol adamlarımız məsuliyyətin altına girərək ortaya normal bir iş qoya bilmirlər. Problemləri çox sadalamaq olar. Bütün bunlar yığma komandanın uğursuz çıxışını şərtləndirir. Üstəlik də, məşqçi adlı-sanlı olmasına baxmayaraq işinin öhdəsindən gələ bilmirsə, ciddi səhvlər edirsə, nəticə yaxşı ola bilməz. Düşünürəm ki, son məğlubiyyətimizin əsas səbəbkarı portuqaliyalı mütəxəssisdir. Artıq o göndərildi. Düşünürəm ki, onun yerinə yerli məşqçi gətirilməlidir”.

K.Məstəliyev qazax millisindən də söz açdı: “Bizdən fərqli olaraq Qazaxıstan müəyyən uğurlara imza atıb, ardıcıl və gözəl qələbələr qazana bilib. Onlar daha geniş futbolçu kontingentinə malikdirlər, daha böyük layihələrə imza atmaq istəyirlər. Ancaq istəkləri və imkanları ilə bacarıqları üst-üstə düşmür. Təməl çətinlikləri həll etməmiş uğur qazanmaq istəyirlər. Ona görə də qeyri-sabitlik yaranır, göstərilən təzyiq adekvat olmur. Bu da işə mane olur. Qazaxlar uğur istəyirlərsə, səbirli olmalı, hədəfə doğru addım-addım getməlidilər. Tələskənlik lazım deyil”.

Müsahibimiz türk millisi ilə bağlı təəssüflə danışdı: “Qardaşlarımız potensiallarına görə dünyaya meydan oxuyacaq gücdədilər. Futbolçuları Avropa nəhənglərində forma geyinir, fərdi şəkildə ən yaxşılar siyahısında olurlar. Ancaq komanda halında çətinlikləri ortaya çıxır. Yalnız ciddi problemlər olanda birləşir, özlərini çətin vəziyyətə salıb, oradan çıxarmağa cəhd edirlər. Türkiyə yığması futbolu soyuq başla oynamır, emosiyalara qapılırlar. Bir-iki qələbədən sonra eyforiya yaşayır, hadisələrə düzgün reaksiya verə bilmirlər. Gürcüstana səfərdə qalib gələndən sonra özlərini çox güclü hesab etdilər, İspaniya kimi komandaya yuxarıdan-aşağı baxaraq onları düzgün qiymətləndirmədilər. Pireneylilərə qarşı açıq futbol oynayacaq komanda olmadıqlarını bilmədən hücuma atıldılar, bu da ağır nəticələrə gətirib çıxartdı. İspanlar istəsəydilər, hesabı ikirəqəmli də edə bilərdilər. Türkiyə belə məğlubiyyətlərdən nəticə çıxarmalıdır, yoxsa gələcəkdə bunlar təkrarlanacaq”.


MANŞET XƏBƏRLƏRİ