Cənubi Azərbaycan məsələsi bu halda gündəmə gələ bilər – Politoloq


Turkustan.az Globalinfo.az-a istinadla politoloq, professor Qabil Hüseynli ilə müsahibəni təqdim edir:

– Qabil bəy, 2023-cü ili geridə qoyduq. Ötən il “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin “Dağlıq Qarabağ” hissəsini birdəfəlik həll etdik. Sizcə, 2024-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi bitəcək?

– “Dağlıq Qarabağ” münaqişəsi dünyanın ən qəliz və köklü münaqişələrindən hesab edilirdi. Hətta bir çox xarici ekspert bu münaqişə ilə bağlı araşdırmalar aparıb, məqalələr dərc edib, kitab nəşr edib.

Münaqişənin tarixi köklərinin dərin olması həllini çətinləşdirirdi, lakin buna baxmayaraq, həmin problemi həll etdik. İndi həllini gözləyən məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır.

2023-cü ildə bu istiqamətdə çox mühüm işlər görüldü. Ən əsası sərhəd komissiyalarının iclası baş tutdu. Ümumiyyətlə, hazırda danışıqlar masasında konkret sülh sənədi var. Bütün maddələrlə bağlı razılıq əldə edilməsə də, sənədin olması sülhə inamı artırır. O ki qaldı sülh müqaviləsinin bu il imzalanmasına, bunu indidən demək çətindir.

Məsələ ondadır ki, geosiyasi vəziyyət çox sürətlə dəyişir. Mövcud dünya nizamında ölkələr xarici siyasətini məhz bu dəyişikliyə görə formalaşdırırlar. Lakin ilkin sülh müqaviləsinin imzalanması mümkündür.

– Sülhdən danışırıq, lakin Ermənistanda heç də hər kəs bu düşüncədə deyil. Misal üçün, bütün ermənilərin katolikosu II Qaregin Yeni il münasibətilə kilsədə keçirdiyi dini mərasimdə deyib ki, “Artsax” bizim üçün heç vaxt keçmişə çevrilməyəcək, biz onu qəlbimizdə və ruhumuzda yaşatmağa davam edəcəyik”…

– Həmin şəxsin belə açıqlama verməsi təbiidir. Erməni kilsəsindən sülh çağırışı gözləmək əbəsdir. Unutmamalıyıq ki, erməni dövləti, hətta lobbisi yox ikən erməni kilsəsi var idi. Yəni bütün soyqırımlar, saxtalanmış tarix, ermənilərin Cənubi Qafqaza yerləşməsi və s. məsələləri kilsə planlayıb.

Erməni kilsəsi hər zaman həm Cənubi Qafqaz, həm də Anadolu üçün ciddi problem olub. Bu gün də sülh yolunda ciddi maneədir. Ermənistan hər nə qədər dünyəvi dövlət olduğunu desə də, burada teokratik bir elita var və o, sülh istəmir. Onlar həm də ultramilliyyətçi və revanşistlərin ideoloqudurlar.

Paşinyan sülh istəyirsə, erməni kilsəsinin gücünü qırmalıdır. Bu isə çox çətin prosesdir. Dediyim kimi, erməni kilsəsi Ermənistan dövlətindən daha qədimdir. Yəni köklü bir sistemi sıradan çıxarmaq çətindir. Bu yolda Paşinyan Ermənistanın Martin Lüteri də ola bilər, hakimiyyətini itirə də bilər.

Qabil Hüseynli

– Ermənistanla sülh müqaviləsi imzalanacağı təqdirdə Azərbaycanın yeni xarici siyasi kursunun necə olacağı tez-tez müzakirə edilən mövzulardandır. Bir çox ekspert hesab edir ki, Azərbaycan Cənubi Azərbaycan və digər tarixi torpaqlarına fokuslanmalıdır. Siz necə düşünürsünüz?

– Bu, çox təhlükəli və milli maraqlarımızı təhdid edəcək fikirdir. Ümumiyyətlə, tarixi torpaqlarla ərazi iddiası fərqli şeylərdir. Misal üçün, Qarabağ bizim həm tarixi, həm də beynəlxalq hüquqla tanınan ərazimizdir. Buna görə də biz “haqq işimiz” deyib mübarizə aparırdıq.

Azərbaycan tarixi torpaqları üçün mübarizəyə başlasa, bu bizi imperialist dövlət edər. Konstitusiyamız buna izn vermir. Ümumiyyətlə, Azərbaycan heç bir qonşusuna ərazi iddiası etmir. Biz hər zaman beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə hörmət etmişik. Hesab edirəm, bu yanaşma bundan sonra da xarici siyasətimizin əsasını təşkil edəcək.

Ermənistanla sülh müqaviləsindən sonra xarici siyasətdə regional əməkdaşlıq, yeni qlobal layihələr və “Qafqaz evi” planı üzərində işləməliyik. Regionda sülhün əldə edilməsi, problemlərin həlli üçün əməkdaşlıq vacibdir. Münaqişə yaradacaq gedişlərdən uzaq durmalıyıq.

Cənubi Azərbaycan məsələsinə gəldikdə, güneyli soydaşlarımız öz müqəddəratını təyin etmədiyi təqdirdə bizim nəsə etməyimiz, ya da hansısa ərazi iddiamız doğru deyil.


MANŞET XƏBƏRLƏRİ