Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı


Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında gərgin anlar yaşanıb. Partiya sədri Fəzail Ağamalı qurultayda baş verən davada namizəd oğlu Elçin Ağamalını ittiham edib.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Teleqraf-a danışan Elçin Ağamalı onun əlində Fəzail Ağamalının partiya sədrliyindən istefa verməsi ilə bağlı görüntülərin olduğunu bildirib.

"Eyni zamanda, mənim partiya sədrliyinə seçilməyimlə bağlı da videogörüntülər mövcuddur. Partiyada 25 illik fəaliyyətim var. Partiya nədir, reqlament nədir, bilirəm. Bütün qayda-qanunlara əməl etmişəm. Qurultayda mənim namizədliyimi irəli sürən, bunu müdafiə edən şəxslərin çıxışına imkan verilməyib. Zalın mənə böyük dəstəyini görüb iclası saxladı, qurultayı təxirə saldı. Məni sədr kimi görmək istəyənlər isə zalı tərk etmədi, işi sona çatdırdılar", - E.Ağamalı əlavə edib.

Elçin Ağamalının sözlərinə görə, Fəzail Ağamalı qızı Günay Ağamalını partiya sədrliyinə namizəd irəli sürmüşdü:

"Ondan başda daha üç namizəd oldu. Ümumilikdə sədrliyə iddialı 4 namizəd var idi. Fəzail Ağamlı dəfələrlə mənə deyib ki, səni partiyada görmək istəmirəm. Mən də dedim ki, buna qurultayda baxarıq. 155 nümayəndədən 100-dən artığı mənə səs verib”.

“Biz iki qardaş, bir bacıyıq. Mən baş aça bilmirəm ki, bu konfliktin səbəbi nədir. Fikrim də o idi ki, sədr seçiləndə Günay Ağamalını özümə müavin təyin edim. Niyə mənə mane olurlar? Vaxtilə parlament seçkilərində Ana Vətən Partiyasından məni deputat kimi görmək istəyən çox idi. O zaman bacımın namizədliyi irəli sürüldüyü üçün mən bu təşəbbüslə çıxış etmədim. Amma bacımın namizədliyini, daha sonra deputat seçilməsini xoş qarşıladım.

Ondan sonra da mənə qarşı xoşagəlməz addımlar atıldı. Partiyaya giriş-çıxışım məhdudlaşdırıldı, otağım əlimdən alındı. Son bir ildə isə məni partiya işindən kənarlaşdırdılar. Bunların da kökündə nə dayanır, bilmirəm. Fəzail müəllimə sual vermək lazımdır ki, Elçinlə konfliktin kökündə nə dayanır”, - E.Ağamalı vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ