Xəbər verdiyimiz kimi, ilahiyyatçı hacı Salman Kamiloğlu 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur. Məlumata görə, yolda qızın oynadığını görən ilahiyyatçı ona xoş sözlər deyərək, maşına mindirib və yarımtikiliyə aparıb. Qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Hadisə cəmiyyətdə şok effekti yaradıb.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, əgər iddialar doğrudursa, onun cəmiyyətdən aldığı cəza qanun qarşısında aldığı cəzadan ağır olacaq:
“Mən bu insanı ilahiyyatçı kimi tanımıram. Amma ilahiyyatçı kimi tanınan bir şəxsin bu cür əməl törətməsi cəmiyyəti həmişə dərindən sarsıdır. Çünki ilahiyyatçıları biz necə ilahiləşdiririk gözümüzdə, əməlləri fəaliyyətləri, Allah yolunda ruhi bilik paylamaları, ümumiyyətlə onları biz o cür qəbul etmişik. Onlar səhv eləməməlidir, əslində bu səhv deyil, cinayətdir. Bu cür insanlar hətta addımını belə hesablayıb atmalıdırlar. Nəinki cinayət törətmək, cinayətlərin ən ağırını, azyaşlıya qarşı zorakılıq törətmək, bu, ümumiyyətlə, nəinki ilahiyyatçıya, ziyalıya, insanlığa sığmayan bir vəziyyətdir. Əgər bu iddia doğrudursa, onun cəzasını qanunlar ən ali səviyyədə verəcək. Amma bu vəziyyətdə onların qanunlardan aldığı cəza cəmiyyətdən aldığı cəzanın yanında qat-qat yüngül olur. Haqlı olaraq cəmiyyət onları cəzalandırmaq metodlarını özü yaradır. Onlar cəmiyyətdən kənarlaşdırılır, stiqmaya məruz qalırlar”.
Sosioloq qeyd edib ki, bir dəfə dini söhbət edən insanı belə ilahiyyatçı kimi qələmə verirlər:
“Əgər sən başqalarını öyrədənsənsə, öz addımlarını ölçüb-biçib atmalısan. Bilməlisən ki, mənim səhv bir adımım cəmiyyətdə rezonansa, iğtişaşa, narazılığa səbəb ola bilər. Çünki onların cəmiyyətdəki rolu, onlara inanan kəsimin onların arxasınca getməsi və inanması cəmiyyət üçün əhəmiyyətlidir. Onu ilahiyyatçı kimi qəbil edib dediklərinə əməl edən və onun dediklərini öz doğrusu bilən insanlar varsa o insanların güvənini boşa çıxartmaq asan bir şey deyil.
Əgər o iki Quran ayəsi əzbərləyib "TikTok"da özünü ilahiyyatçı kimi təqdim edirsə, cəmiyyət də o cür qəbul edir. Ona görə kim əsl ilahiyyatçıdır onu cəmiyyət müəyyənləşdirməməlidir. Onların bir meyarı olmalıdır, hərə öz bildiyi kimi ruhi biliklərə şərh etməməlidir. Bəzi din xadimləri varki, 9 yaşında evliliyi normal sayır, bəzi ilahiyyatçılar isə yetkinlik yaşına çatmadan evliliyi həm insanlığa, həm qanuna zidd hesab edir. Hər ikisi belə baxanda ilahiyyatçıdır. Amma düşüncələri arasında yerdən göyə qədər fərq var. Ona görə də özünə ilahiyyatçı deyən insana dərhal din xadimi kimi baxmaq, qəbul etmək düzgün deyil”.