İkinci əl avtomobillər BAHALAŞACAQ – Bu TARİXDƏN


Xəbər verdiyimiz kimi “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub ki, Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.

Qeyd edək ki, indiyədək elektrik avtomobillərlə yanaşı hibrid və plug-in hibrid avtomobillər ƏDV-dən azad idi. Yeni qərarla isə 2026-cı ildən bu güzəşt yalnız elektrik mühərrikli avtomobillərə şamil olunacaq.

Təbii ki, bu qərar avtomobil bazarına ciddi təsir edəcək. Çünki qüvvədə olan qaydaya görə təkcə elektrik yox, həm də hibrid və plug-in hibrid avtomobillərinə ƏDV və bəzi gömrük rüsumları tətbiq edilmirdi. Nəticədə ötən 3 ildə ölkəmizə çoxlu sayda elektrik və hibrid avtomobillərinin gətirilməsinə imkan yarandı. Bu isə öz növbəsində bazarda ikinci əl avtomobillərə marağı xeyli azaltdı.

Bəs yeni qayda avtomobil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirdi ki, hibrid və elektrik avtomobillərinə tətbiq olunan ƏDV-nin ləğvi “yaşıl iqtisadiyyat”a keçid üçün atılmış bir addım idi:

“Çünki bu avtomobillərin istismarı ekologiyaya çox az səviyyədə zərər vurur. Nəzərə alaq ki, ölkəmizin avtomobil bazarında olan maşınların böyük əksəriyyəti 10 ildən artıq istismardadır.

Həmin avtomobillərin ətraf mühitə atdığı CO2 emissiyası da təbii ki, ekologiyamıza ciddi zərər vururdu. Bu zərərin minuma endirilməsi və avtoparkın yenilənməsi üçün 3 il müddətinə hibrid və elektrik mühərrikli avtomobillər müvafiq olaraq ƏDV-dən azad edilmişdi. Artıq möhlət başa çatır. Növbəti bir ildə isə yalnız elektrik avtomobillərə güzəşt olacaq.

Təbii ki, bu qərar ölkəmizə gətirilən hibrid və plug-in hibrid avtomobillərin bahalaşmasına səbəb olacaq. Eyni zamanda ikinci əl avtomobillərinin qiymətlərində də artım qaçılmazdır. Ona görə də Yeni ildən ikinci avtomobil bazarında müəyyən bahalaşma olacaq. Bu tendensiyanın nə qədər davam edəcəyini isə qabaqcadan söyləmək çətindir”.


MANŞET XƏBƏRLƏRİ