Ermənistanla həll edilməmiş iki məsələ var: Bakı ilk jestini etdi


"Azərbaycandan Ermənistana göndərilən yüklərin keçidinə rəsmi Bakının vermiş olduğu razılıq müsbət addım kimi qiymətləndirildi. Artıq Bakı ilə İrəvan arasındakı sülh prosesi praktik müstəviyə keçib. Sülhün bərqərar edilməsi və etimad mühitinin yaradılması üçün hər iki tərəfin mövqeyi özünü göstərməkdədir".

Turkustan.az xəbər verir ki, bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Azərbaycanla Ermənistan arasında sülh və etimad quruculuğu müstəvisində atılan addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən atılan addımlar regionda daimi sülhün təmin edilməsinə mühüm töhfədir: “Ermənistan üçün Azərbaycan üzərindən daşımalara verilən razılıq olduqca önəmlidir. İrəvan üçün bu mühüm nəfəslik kimi də dəyərləndirilir. İndiki halda Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı daxildə çox ciddi təzyiqlər mövcuddur. Bunun fonunda rəsmi Bakının İrəvan üçün etmiş olduğu jest olduqca təsirlidir”.

Ramiyə Məmmədova hesab edir ki, Azərbaycan prezidentinin Qazaxıstan taxılını məhz ölkəmiz üzərindən Ermənistana aparılmasına vermiş olduğu razılıq Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında da başlıca zəmindir: “Bu logistikanın yaranması Azərbaycan, Çin, Türkiyə, Rusiya, Hindistan, Qazaxıstan və digər Asiya ölkələri üçün da əlverişlidir. Sözsüz ki, bu amillər Zəngəzur dəhlizinin (Tramp marşrutu) da qısa zamanda fəaliyyətinə başlıca zəmin yaradacaq. Ona görə də Ermənistan tərəfi bu istiqamətdə öz üzərinə düşən vəzifələri icra etməlidir”.

Siyahi şərhçi Asif Nərimanlıya görə, Azərbaycan və Ermənistan arasında sülh və etimad quruculuğu istiqamətində atılan addımlar Vaşinqton razılaşmasından sonra yeni reallıqla uzlaşır:

“Bu, həm də o deməkdir ki, tərəflər sülh razılaşmasını təkcə kağız üzərində deyil, praktik müstəvidə icra edir. Faktiki olaraq, Vaşinqton anlaşmasının (8 avqust 2025) şərtləri yerinə yetirilir. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfəri də məhz bu qəbildəndir. Bu ilk addımlardan biridir. Torpaqlarını müharibə yolu ilə azad etmiş Azərbaycan 30 ilə yaxın baş vermiş bütün faciələrə rəğmən sülh prosesinin qurulmasına sadiqdir”.

Asif Nərimanlı Azərbaycanın Ermənistana tranzit qadağasının aradan qaldırılmasının da önəmli addım olduğunu qeyd edib: “Vaşinqtondakı razılaşmalara görə (Azərbaycan, ABŞ və Ermənistan) ATƏT-in Minsk qrupunun buraxılması, sülh sazişinin paraflanması istiqamətində ciddi nəticələr əldə edildi. Amma Bakı ilə İrəvan arasında hələ də həll olunmamış iki mühüm məsələ var. Bu Zəngəzur dəhlizi (Tramp marşrutu) və Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlıdır. Dəhlizin açılması istiqamətində hələlik praktiki addımlar atılmayıb, eyni zamanda Ermənistan konstitusiyasında da dəyişiklik edilməyib. Amma bunun fonunda Azərbaycanın Ermənistana qarşı tranzit qadağasını aradan qaldırması regional kommunikasiya xəttlərinin açılması istiqamətində əldə edilmiş razılaşmada ilk praktik addımdır”.


MANŞET XƏBƏRLƏRİ