Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində "MTV" televiziya kanalının efirində 22 oktyabr 2025-ci il tarixdə saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunub.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib:
"Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına məhdudiyyət qoyulur.
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub.
Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilib.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib.
Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib, pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib.
İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuş sanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçün redaksiya nəzarətini gücləndirməyə çağırır".