Son günlər Avropada quş qripinin (H5N1) sürətlə yayılması ciddi narahatlığa səbəb olub. Almaniyada baş verən infeksiya dalğası nəticəsində artıq ölkə üzrə təxminən 400 min quş məhv edilib. “Spigel” nəşrinin məlumatına görə, Brandenburq əyalətindəki iki iri təsərrüfatda 130 minə yaxın qaz, ördək, toyuq və hind toyuğunun məhv edilməsi qərara alınıb. Mütəxəssislər vəziyyətin getdikcə ciddiləşdiyini və ilk dəfə olaraq vəhşi quşların da virusa yoluxduğunu bildirirlər.
Maraqlıdır, quş qripinin geniş yayıldığı bir vaxtda Azərbaycana quş ətinin idxalı və ya ölkədən ixracı ilə bağlı hər hansı məhdudiyyət tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli bildirib ki, hazırda ölkəmizdə quş qripi ilə bağlı hər hansı problem müşahidə olunmur:

“Bir il bundan öncə Qida Təhlükəsizliyi Agentliyinin əməyi nəticəsində ölkəmiz quş qripindən azad ölkələr siyahısına daxil oldu. Bu da bizə ixrac bazarında böyük kömək edir. Hətta Amerikaya belə yumurta ixrac edirik. Yaxın Şərq ölkələrinə həm süfrə yumurtası, həm damazlıq yumurta ixracımız var. Bu da bizim quş qripindən azad zona olduğumuza görədir”.
M. Həsənli qeyd edib ki, hazırda vəziyyətin stabil olması onundaimi olacağı anlamına gəlmir:
“Vaxtaşırı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılır. Amma qonşu ölkələrdə quş qripi var. Hətta mən deyə bilərəm ki, tüğyan etdiyi ölkələr də mövcuddur. Hazırda son bir il ərzində Türkiyənin Afyon bölgəsində, Konyada, Manisada və digər ərazilərində quş qripi yayılıb.
Bu xəstəliyin ölkəmizə keçməsinin qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyinin sərhədlərdə qurduğu laboratoriyalarda ciddi yoxlamalar aparılır, nəzarət güclüdür. Amma mən bir mütəxəssis kimi deyə bilərəm ki, ən yaxşısı həmin ölkələrdən canlı heyvanların daşınmasının qarşısını almaqdır. Canlı, bir günlük ətlik cücələr və digər heyvanlar var ki, xəstəlik onlardan keçə bilər. Bunun qarşısını almaq üçün həmin ölkələrdən idxala müvəqqəti – 2-3 aylıq qadağa qoyulmalıdır”.
O əlavə edib ki, qış mövsümünə keçidlə əlaqədar quş qripi daha sürətlə yayıla bilər:
“Bununla bağlı respublikamızda nə toyuq əti, nə də yumurta problemi yaranmayacaq. Ona görə ki, ölkədə kifayət qədər damazlıq istiqamətli cücə satışı var. Ölkə əhalisinin tələbatı 105 faiz təmin olunur, yumurta istehsalı 135 faizdən artıqdır. Ət istehsalı da kifayət qədərdir və başqa ölkədən ət idxalı ilə bağlı da problem yoxdur.Hazırda ölkədə toyuq ətinin qiyməti keçən ilin müvafiq dövrünə nisbətdə eynidir. Yumurta və damazlıq yumurtanın da qiyməti dəyişməyib, hətta hər üçünün qiyməti keçən illə müqayisədə bir qədər aşağıdır. Düşünürəm ki, yaxın gələcəkdə qiymətlərin artması gözlənilmir”.