Oktyabrın 9–dan 11-dək Türkiyənin Kocaeli şəhərində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası ilə “Türk Dünyası Gənclərinin və media nümayəndələrinin Görüşü” keçirildi.
“Ortaq miras, tək ürək” şüarı ilə təşkil olunan tədbirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələri, eləcə də türk dövlətləri universitetlərinin tələbələri, rəqəmsal media nümayəndəsi və jurnalistlər iştirak etdi.
Oktyabrın 9-da gənclər görüşünün rəsmi açılış mərasimi keçirildi.
Tədbir Türkiyənin dövlət himninin oxunması və Türk dünyası şəhidlərinin yad edilməsi ilə başladı.
Sonra Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Mərasimdə çıxış edən Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Büyükakın, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türkiyə Böyük Millət Məclisinin deputatı Veysel Tipioğlu və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu
Türk dünyasının gələcəyinin gənclərdən asılı olduğunu qeyd etdilər. Dünyada baş verən hadisələr barədə danışıan natiqlər dövlətlər arasındakı mədəni diplomatiyanın da çətin dövrdən keçdiyini bildirdi və tariximizə, birliyimizə sahib çıxmağın öz əlimizdə olduğunu qeyd etdilər.
Kürşad Zorlu çıxışında 2009-cu ildə Naxçıvan Sazişi ilə yaradılan Türk Dövlətləri Təşkilatının bu gün səkkiz dövlətin bu çətir altında birləşdiyini bildirərək otuzdan çox sahədə əməkdaşlığın davam etdirildiyini vurğuladı.

O bildirdi ki, əməkdaşlıq sahələrinin ən mühüm istiqamətlərindən biri də gənclərimiz arasındakı münasibətlər və bu münasibətləri gələcəyə daşımaq məqsədidir. Çünki biz gənclərimizi yalnız bu günün deyil, həm də sabahın əsas dayaqlarından biri hesab edirik. Əlbəttə, gənclik deyəndə idman bizim üçün çox mühüm birləşdirici vasitədir.
Bu gün bu əlamətdar görüşdə sizinlə xoş bir xəbəri bölüşmək istəyirəm. Futbol Federasiyamızın prezidenti də aramızdadır və buna şahidlik edir. İnşallah, Türk dünyasının coğrafiyasında Türkiyəyə gələn futbolçularımızın artıq əcnəbi oyunçu statusunda deyil, türk oyunçu kateqoriyasında qiymətləndirilməsi istiqamətində addım atacağıq.
İkinci olaraq, Türk Kuboku adı ilə bütün Türk dövlətlərinin iştirakı ilə iki ildən bir keçiriləcək ortaq futbol turnirini də, inşallah, təşkil etməyə başlayırıq.
Bu təşəbbüsü həyata keçirə bilsək, geniş könül coğrafiyamızda, 200 milyondan çox əhalimizin yaşadığı ərazidə gənc istedadları kəşf edəcəyik. Onları öz ölkələrimizdə futbolun aşağı yaş qruplarından yetişdirərək, Avropa çempionatlarında, Dünya Kubokunda və bütün beynəlxalq arenalarda milli komandalarımızın uğurlarını artıracağıq.
Qarşıdakı günlərdə, oktyabrın 29-30-da Ankarada çox mühüm bir sammit keçiriləcək, buTürk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşüdür. Biz bu görüşə ev sahibliyi edəcəyik. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə çox mühüm qərarlara və sazişlərə hazırlaşırıq.
Belə bir görüşün ərəfəsində Kocaelidə Türk dünyasının nümayəndələrinin bir araya gəlməsi çox mühüm mesaj olacaq. Buna görə də iştirakınıza və bu könül birliyimizə görə hər birinizə ayrıca təşəkkürümü bildirirəm.
Biz istəyirik ki, bu görüşü müntəzəm xarakter daşıyan və davamlı olan bir tədbirə çevirək.
Buraya gəlməzdən əvvəl Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşdük. Gələn il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilən Kayseridə bu görüşün ikinci dəfə keçirilməsi barədə qərar qəbul etdik.
Tədbirin ikinci günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Türk Dövlətlərinin Türkiyədəki səfirlərilə görüş paneli öncəsi etdiyi çıxışında dünyanın fərqli coğrafiyalarında yaşayan türkdilli xalqlar arasındakı birlik və həmrəyliyin əhəmiyyətinə, xüsusilə Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarına vurğu edərək: "Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq təkcə iki dövlət arasındakı münasibət deyil, ortaq tarixə, dilə, mədəniyyətə və sarsılmaz mənəvi bağlara söykənən böyük bir birlikdir. Bu qardaşlıq asan qazanılmayıb. Hər iki ölkə çətin sınaqlardan keçib, böyük bədəllər ödəyib və bütün bu proseslərdə bir-birinə dayaq olub. Məhz buna görə də Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı etimadın, sədaqətin və həmrəyliyin nümunəsidir. Türkiyə və Azərbaycan yalnız bu günün deyil, gələcəyin də birgə qurucularıdır. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, ortaq ticarət dəhlizlərinin inkişafı hər iki ölkənin strateji məqsədləri sırasındadır. Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Zirvəsi də bu istiqamətdə mühüm qərarların qəbul edilməsi və əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir”, - deyə vurğuladı.
Partiya sədrinin müavini əlavə etdi ki, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında nəqliyyat əlaqələrinin inkişafı, dəmir yolu xətlərinin qurulması və regiondakı ticarət dəhlizlərinin bir-biri ilə inteqrasiyası yalnız iqtisadi layihələr deyil, həm də türk xalqlarını bir-birinə daha da yaxınlaşdıran strateji addımlardır: “Türkiyə ilə Azərbaycanın bu istiqamətdəki əməkdaşlığı Türk dünyasının bütövləşməsinə, regionda sabitliyin möhkəmlənməsinə və gələcək nəsillər üçün daha böyük imkanların yaranmasına xidmət edir. Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da möhkəmlənərək davam edəcək. Çünki bizi birləşdirən yalnız ortaq keçmişimiz deyil, həm də ortaq gələcəyimizdir. Biz bir olduğumuzda, birlikdə hərəkət etdiyimizdə və ortaq hədəflərimizə kökləndiyimizdə qarşıdakı əsri Türk dünyasının əsrinə çevirə bilərik. Türkiyə və Azərbaycan qardaşlığı bu böyük gələcəyin ən möhkəm dayaqlarından biridir”.

Səfirlərlə görüş panelində çıxış edən Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov bildirdi ki: "Biz bir millət, iki dövlətik və qardaşıq, bu dünən də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. Mən başqa xarici ölkələrdə səfir olaraq çalışdığım zaman xarici dillər öyrənməyə çalışmışam, amma artıq Türkiyədə mənim dil öyrənmək kimi bir öhdəliyim olmayacaq və qardaşlarımızla öz ana dilimdə danışacam. Son zamanlar müxtəlif sosial media seqmentlərində aparılan spekulyasiyalar, yayılan dezinformasiyalar dərin köklərə və bağlara sahib ölkələrimizi sarsıda bilməz, çünki bu qardaşlıq həm dövlət başçılarımız, həm də xalqlarımız səviyyəsində möhkəmdir, güclüdür. Bu istiqamətdə ən böyük məsuliyyət həm də gənclərimizin üzərinə düşür, çünki onlar bizim gələcəyimizdir. Qardaşlığımız bizə babalarımızın mirasıdır, bu mirası gələcəyə daşımaq isə gənclərimizin ən ümdə vəzifəsidir. Bu gün dünyada texnologiya inkişaf edib, süni intellekt beynəlxalq forumlarda ən çox danışılan mövzulardan biridir, çox şeyi idarə edir, amma vətənpərlik, qardaşlıq duyğularını, ailə sevgisini süni intellektə yükləmək mümkün deyil. Dövlət başçımız hər zaman deyir ki, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir, inanıram ki, gənclərimiz bu ideologiyanı daim inkişaf etdirəcəklər. Bu günün gəncləri gələcəyin dövlət başçıları, nazirləri, səfirləri olacaqlar, ona görə də onlar tariximizi, mədəniyyətimizi, dillərimizi daha yaxşı öyrənməlidirlər".
Türk dövlətlərindən gələn media nümayəndələri ilə ayrıca görüş keçirən Kürşad Zorlu bu birliyin daha da möhkəmlənməsində medianın əhəmiyyətli rolu olduğunu vurğuladı və jurnalistləri maraqlandıran suallara cavab verdi.
Qeyd edək ki, üç gün boyunca davam edən tədbir çərçivəsində müxtəlif panellər, konsertlər, ekskursiyalar təşkil olundu və tədbirin sonuncu günü Kürşad Zorlu tələbələrin suallarını cavanlandırdı. Görüşün məqsədi türk dünyasının gəncləri arasında ünsiyyəti və əməkdaşlığı gücləndirmək, ortaq tarix və mədəni dəyərləri tanıtmaqdır.
Yaqut Misirxanlı
İstanbuldan "Türküstan" qəzeti üçün





