Hitlerin yarımçıq arzusu yenidən dirildi – Almaniyadan Avropanı alt-üst edən xəritə


Almaniyada ultrasağçı siyasətçinin paylaşdığı «Böyük Almaniya» xəritəsi beynəlxalq qalmaqala səbəb olub.

Turkustan.az xəbər verir ki, Almaniya üçün Alternativ (AfD) Partiyasının gənclər təşkilatının rəhbər şəxslərindən biri Luka Morits Ştrauf sosial şəbəkədə Almaniyanın sərhədlərinin genişləndirildiyi xəritəni yayımlayıb.

Xəritədə Avstriya, Lüksemburq, İsveçrənin böyük hissəsi, həmçinin Fransa, Polşa, İtaliya və digər Avropa dövlətlərinin bəzi əraziləri Almaniyanın tərkibində göstərilib.

Ştrauf paylaşımında yazıb:

«Alman birliyi bütün alman xalqını vahid dövlətdə birləşdirən Almaniya deməkdir».

Bu açıqlama və yayımlanan xəritə qonşu ölkələrdə ciddi narazılıq doğurub. Xüsusilə Fransada kəskin reaksiyalara səbəb olub. Çünki xəritədə Fransanın Elzas və Lotaringiya bölgələri Almaniya ərazisi kimi təqdim edilib.

Qalmaqalın əsas səbəblərindən biri xəritənin nasist Almaniyasının keçmiş ərazi iddialarını xatırlatmasıdır.

Xatırladaq ki, Adolf Hitlerin hakimiyyəti dövründə Almaniya Avropanın siyasi xəritəsini zor gücünə dəyişdirməyə çalışıb. 1938-ci ildə Avstriya nasist Almaniyasına birləşdirilib, ardınca Çexoslovakiyanın bir hissəsi ilhaq edilib. 1939-cu ildə Polşaya hücum isə İkinci Dünya müharibəsinin başlanmasına səbəb olub.

Nasist rəhbərliyi bütün almandilli əhalinin vahid dövlət daxilində birləşdirilməsi ideyasından öz ekspansionist siyasətini əsaslandırmaq üçün istifadə edirdi.

Luka Morits Ştraufun paylaşdığı xəritənin həmin tarixi iddiaları xatırlatması Almaniyada və qonşu dövlətlərdə narahatlıq yaradıb.

Qalmaqal böyüdükdən sonra siyasətçi paylaşımını silib və X sosial şəbəkəsindəki hesabını bağlayıb.

Daha sonra AfD-nin «Almaniya nəsli» adlı gənclər təşkilatı Ştraufun rəhbər vəzifəsindən könüllü şəkildə ayrıldığını açıqlayıb./Musavat.com


MANŞET XƏBƏRLƏRİ