BMT-nin Baş katibi Antonio Quterreşin səlahiyyət müddətinin başa çatması yaxınlaşdıqca onun varisinin müəyyənləşdirilməsi uğrunda diplomatik mübarizə güclənir.
Turkustan.az xəbər verir ki, Amerikanın “Politico” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Quterreşin yerinə namizədliyini irəli sürən şəxslərdən heç birinə müsbət yanaşmır.
BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan ABŞ-ın bu mövqeyi təşkilatın gələcək rəhbərinin seçilməsi ilə bağlı qeyri-müəyyənliyi artırır.
Namizədlər arasında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi, Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan, Çilinin keçmiş prezidenti Mişel Baçelet və Seneqalın keçmiş prezidenti Maki Sall kimi tanınmış şəxslər var. Lakin Vaşinqtonun tərəddüdləri liderlik yarışında irəliləyişə mane olur.
ABŞ rəsmiləri hesab edirlər ki, yeni baş katib BMT-nin əsas prinsiplərinə sadiq qalmalı və şəffaflığa üstünlük verməlidir.
Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqlarını uzlaşdıracaq namizəd hələ müəyyənləşməyib. ABŞ-ın veto hüququ isə göstərir ki, BMT-nin yeni rəhbərinin seçilməsi prosesi mürəkkəb diplomatik danışıqlar şəraitində keçəcək.
Aytən Yaşar/ Turkustan.az