"Allahın azyaşlı qızların hicab taxması ilə bağlı bir əmri yoxdur".
Turkustan.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, bəzən valideynlər özlərini ətrafdakı insanlara daha dindar göstərmək məqsədi ilə uşaqlarının başını bağlayırlar:
"Digər tərəfdən valideyn uşağı gələcəkdə baş örtüyünə alışdırmaq, onu buna öyrəşdirmək istəyə bilər. Amma həmin insanların öz düşüncələrinə əsaslanaraq mən də soruşa bilərəm: Bu yaşda uşaqlara baş örtüyü taxdırmaq vacibdirmi? Təbii ki, xeyr. Yəni Allahın uşaqların bu şəkildə örtünməsi ilə bağlı belə bir əmri varmı? Belə bir əmr də yoxdur".
İlahiyyatçı vurğulayıb ki, uşaqların baş örtüklərindən istifadə etməsi valideynlərin özlərinin verdikləri qərardır:
"Uşaqlar valideynlərinin qərarı ilə bunu etdikdə uşaqlıqlarını yaşaya bilmirlər. Həmçinin öz sinif yoldaşları tərəfindən fərqləndirilə, özgələşdirilə və kənarlaşdırıla bilərlər. Bu isə uşaqlara mənfi təsirlər göstərməklə nəticələnə bilər".
O, kiçik yaşlarında valideyn istəyi ilə hicaba keçən qızların iqtisadi azadlıqlarını qazandıqdan sonra baş örtüklərini açdığını söyləyib:
"Mən özüm elə insanlar tanıyıram ki, valideynləri onların başını hətta 11-ci sinfə qədər örtdürüblər. Daha sonra həmin uşaqlar SAT və ya IELTS imtahanları vasitəsilə xarici ölkələrə gedərək orada təhsil alıblar. Müstəqil həyata qədəm qoyduqdan və valideynlərindən iqtisadi cəhətdən asılı olmadıqdan sonra isə rahatlıqla bu fikirdə olmadıqlarını bildirərək başlarını açıblar. Valideynləri ilə bu məsələni müzakirə etdikdən sonra həmin valideynlər də övladlarının seçiminə hörmətlə yanaşmaq məcburiyyətində qaldıqlarını etiraf ediblər".