Yunanıstanda məhkəmə: erməniyə ömürlük, azərbaycanlıya 9 ay


Yunanıstanda Rodos adası yaxınlığında iki miqrantın həlak olduğu sürətli qayıq qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Turkustan.az xəbər verir ki, Yunanıstan KİV-inin məlumatına görə, 2 nəfər Ermənistan və 1 nəfər Azərbaycan vətəndaşı barədə hökm oxunub.

Dodekanes Cinayət İşləri üzrə Üçpilləli Apellyasiya Məhkəməsi 32 yaşlı Ermənistan vətəndaşına qarşı irəli sürülən bütün ittihamlar üzrə onu təqsirli bilib və 18 dəfə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onun barəsində heç bir yüngülləşdirici hal nəzərə alınmayıb.

Eyni iş üzrə daha iki nəfər - 31 yaşlı Azərbaycan və 34 yaşlı Ermənistan vətəndaşları da mühakimə olunublar. Məhkəmə onları qeyri-qanuni daşınmanın təşkilində və qayığın qəzaya uğramasında təqsirli bilməyib. Onlar yalnız Yunanıstana qanunsuz daxil olmaqda təqsirli biliniblər.
Məhkəmə onların hər ikisinə 9 aylıq həbs cəzası kəsib.

Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 14-nə keçən gecə Rodos adasının Paradisi bölgəsində baş verib. Türkiyənin Marmaris şəhərindən yola düşən və 21 nəfərin olduğu sürətli qayıq Yunanıstan sahil mühafizəsinin təqibi zamanı təhlükəli manevr nəticəsində çevrilib.

Hadisə zamanı 16 nəfər xilas edilib, 10 yaşlı iraqlı oğlan və 21 yaşlı fələstinli isə həlak olub. Məhkəmədə sərnişinlər qayıqda üç “kapitanın” olduğunu, onlardan ikisinin qayığı idarə etdiyini bildiriblər. Onlar səfər üçün 3500–4300 avro ödədiklərini və daşıyıcıları əsasən sosial şəbəkələr vasitəsilə tapdıqlarını deyiblər./modern.az


MANŞET XƏBƏRLƏRİ