Rusiyanın Sibir bölgəsindəki İrkutsk şəhərində Yoluxucu Xəstəliklər İnstitutunda vəba bakteriyalarının yayılması ilə bağlı iddialar ciddi narahatlıq yaradıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hadisə ilə bağlı Rusiyadan izahat tələb edib.
Turkustan.az xəbər verir ki, hadisə sentyabrın sonlarında institutun 28 yaşlı əməkdaşı Darya Şipilovanın vəba bakteriyası olan qabı yerə salaraq sındırması ilə başlayıb. Bildirilir ki, əməkdaş hadisə barədə institut rəhbərliyinə məlumat verməyib.
Hadisədən təxminən 24 saat sonra Şipilova ağır tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. O, oktyabrın 2-nə keçən gecə vəfat edib.
Hadisə ilə bağlı rəsmi açıqlamaların dayandırıldığı və bölgədə karantin tədbirlərinin genişləndirildiyi bildirilir.
Yerli fəalların iddialarına görə, institutun 60 əməkdaşının hamısı karantinə alınıb. İrkutskdakı xəstəxanaların ziyarətçilər üçün bağlandığı, təhlükəsizlik qüvvələrinin isə vəfat edən əməkdaşla təmasda olan şəxsləri müəyyənləşdirərək təcrid etməyə çalışdığı qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az