Aqil Camal
"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri
Şuşada tarix yazanlar adlarını qaya, daşa yazmırdı…
Siz kimsiniz?
Son günlər Şuşada – Cıdır düzündəki qayalıqlara müxtəlif adların yazılması cəmiyyətdə hiddət və əks-reaksiyaya səbəb olub.
Əvvəl də, Cıdır düzü ilə bağlı bu kimi xoşagəlməz hallarla bağlı məsələlər gündəmə gəlmişdi. Hər dəfəsində Azərbaycan ictimai rəyi bu hallara qarşı ciddi təpki göstərir.
Şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına 30 ildən sonra geri qaytarılmış torpaqlarımızın hər bir qarışı bizim üçün əzizdir, müqəddəsdir. Şuşanın, Cıdır düzünün isə bir ayrı yeri var. Şuşa işğalçı üzərində Qələbəmizin rəmzidir. Şuşanın qayalıqlarında şəhidlərimizin qanı var.
İctimai davranış qaydalarına əməl etmək hər yerdə vacibdir. İstər paytaxtda, istərsə əyalətdə. Azad olunmuş torpaqlarımızda isə bu ictimai məsuliyyət ikiqat artıq olmalıdır.
Şuşa qayalıqlarını dırmaşaraq onu azad edən hərbçilərimiz adlarını daşa, qayaya yazmırdı. Onlar tarix yazırdı. Vətən müharibəsində bəlkə də, yaxından uzaqdan iştirak etməmiş şəxslərin Cıdır düzündə, qayalıqlara adlarını “həkk etmələri” həm gülüncdür, həm də, ikrah doğurur.
Ümid edək ki, ictimai təpki bu kimi halların təkrarlanmamasına öz təsirini göstərəcək.
Bütün hallarda isə hər bir vətəndaşın fərdi yanaşması, vicdanı, Vətən torpaqlarına, şəhidlərimizin ruhuna sayğısı öndə olmalıdır.