Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai və elm xadimi, tarix elmləri doktoru, professor Nəsib Nəsiblini 70 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik məktubunda professor Nəsib Nəsiblinin çoxşaxəli fəaliyyətinin çağdaş Azərbaycan ictimai-siyasi və elmi fikrinin bir sıra önəmli mərhələləri ilə bağlı olduğu vurğulanıb. Onun tarixçi alim, pedaqoq, diplomat, millət vəkili və ictimai fikir adamı olaraq milli tarix, dövlətçilik düşüncəsi, Azərbaycanın beynəlxalq münasibətləri, Türk dünyası və milli kimlik məsələlərinə uzun illər ardıcıl diqqət göstərdiyi bildirilib.
Fazil Mustafa qeyd edib ki, Nəsib Nəsiblinin elmi araşdırmalarında tarix milli özünüdərkin, dövlətçilik yaddaşının və gələcəyə baxışın qaynaqlarından biri kimi çıxış edir. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-diplomatik irsinin, ölkəmizin xarici siyasət tarixinin, milli düşüncə və kimlik məsələlərinin araşdırılması yönündə çalışmalarının özünəxas yer tutduğu vurğulanıb.
Komitə sədri yubilyarın ictimai fəaliyyətinin diqqətəlayiq cəhətlərindən biri kimi elmi düşüncə ilə fəal vətəndaş mövqeyinin vəhdətini göstərib. Təbrikdə vətəndaş cəmiyyətinin yetkinliyinin həm də fikir müxtəlifliyinə açıq, milli maraqları düşünən, mövqeyini elmi-intellektual əsaslarla ifadə edən insanların fəaliyyəti ilə ölçüldüyü bildirilib.
Nəsib Nəsiblinin Milli Məclisin üzvü olduğu dönəmdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr sahəsində fəaliyyəti, ictimai-siyasi məsələlərə münasibətdə aydın mövqeyini qoruması da onun keçdiyi yolun önəmli səhifələrindən biri kimi dəyərləndirilib.
Məktubda professorun Türk dünyasının tarixi-mədəni birliyi, milli düşüncənin elmi əsaslarda öyrənilməsi, azərbaycançılıq və türkçülük ideyalarının tarixi-siyasi məzmunu ilə bağlı araşdırma və təşəbbüslərinə ayrıca diqqət çəkilib. Bu çalışmalar elmi maraqla ictimai məsuliyyətin, milli yaddaşla çağdaş düşüncənin qovuşduğu müstəvi kimi səciyyələndirilib.
Fazil Mustafa professor Nəsib Nəsiblinin 70 illik yubileyinə zəngin elmi irs, pedaqoji təcrübə, diplomatik və parlament fəaliyyəti, aydın vətəndaş mövqeyi ilə gəldiyini vurğulayıb.
Komitə sədri yubilyarı bir daha təbrik edərək ona möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində yeni uğurlar, milli-mənəvi dəyərlərin, dövlətçilik və vətəndaşlıq mədəniyyətinin inkişafı yönündə çalışmalarında davamlı başarılar arzulayıb.