Şuşada bu addımı atanlarla bağlı tədbirlər görüləcək – Xəbərdarlıq nişanları…


İşğaldan azad edilmiş ərazilərdə daş, qaya və müxtəlif səthlərin üzərinə yazıların yazılması ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan məkanlarda belə halların baş verməsi ərazilərin görünüşünə və tarixi irsin qorunmasına zərər vurur.

Oxşar hallar daha əvvəl müxtəlif ictimai məkanlarda da qeydə alınıb və bununla bağlı hüquqi tədbirlər görülüb.

Bəs belə halların qarşısının alınması üçün konkret hansı addımlar atılmalıdır? Bu əməlləri törədən şəxslərlə bağlı hansı tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan memar, şəhərsalma və memarlıq məsələləri üzrə ekspert Elçin Əliyev deyib ki, belə hallar yolverilməzdir və onların qarşısı alınmalıdır:

“Dövlət orqanları bunun qarşısını almaq istiqamətində iş aparırlar. Fikrimcə, bütün memarlıq abidələri mümkün qədər videomüşahidə sistemləri ilə təmin olunmalıdır. Başa düşürəm ki, bu, maliyyə və texniki imkanlardan asılıdır. Amma bu istiqamətdə mütləq iş aparılmalıdır”.

Memarın sözlərinə görə, belə şəxslər müəyyənləşdirildikdən sonra onların əməlləri ictimaiyyətə çatdırılmalıdır:

“Yəni bu cür cinayət törədən şəxslərin adları ictimaiyyətə açıqlanmalı, üzləri göstərilməlidir. Bir neçə il bundan əvvəl yadımdadır, böyük ictimai rezonans yaranmışdı. Kimsə öz avtomobilinin dövlət qeydiyyat nişanını divarın üzərinə yazmışdı. Dövlət orqanları həmin şəxsi müəyyən etdikdən sonra onun kimliyi açıqlanmışdı. Yəqin ki, belə şəxslər bundan müəyyən qədər utanırlar. Ona görə də bu cür hadisələri mütləq sonadək araşdırmaq və nəticəsini ictimaiyyətə çatdırmaq lazımdır. İnsanlar belə vandalizm törədən şəxsləri tanımalıdırlar. Bu, digər insanların da analoji hərəkətlərdən çəkindirilməsində müəyyən rol oynaya bilər”.

Elçin Əliyev hesab edir ki, məsələyə psixoloji aspektdən də yanaşmaq lazımdır:

“Ola bilsin ki, belə hərəkət edən insanların daxilində haradasa öz izini qoymaq, öz adını və ya mövcudluğunu göstərmək istəyi var. Məsələn, yaxşı bir nümunə kimi İçərişəhərdə belə bir neçə divarın olduğunu bilirəm. Orada xüsusi zona ayrılıb və insanlar həmin ərazilərdə özləri haqqında müəyyən məlumatlar yazırlar. Məsələn, biri Xarkov şəhərindən olduğunu, digəri Monreal şəhərindən gəldiyini qeyd edir, tarix yazır və s. Bəlkə də bu psixoloji məqamı nəzərə alaraq bəzi yerlərdə turistlər üçün xüsusi lövhələr və ya belə zonalar yaratmaq olar.

elcin eliyev memar 2
Elçin Əliyev

Yəni insanın öz izini qoymaq istəyini müəyyən qədər başqa istiqamətə yönəltmək mümkündür. Çünki təəssüf ki, nə qədər nəzarət etsəniz də, bəzi insanlar yenə də öz bildiklərini edirlər”.

E.Əliyev insanların bu cür əməllərə yol verməməsi üçün əvvəlcədən xəbərdar edilməsinin vacibliyini vurğulayıb:

“Məsələn, velosiped sürən biri olaraq daim görürəm ki, Daxili İşlər Nazirliyi tərəfindən işıqforların və digər müvafiq obyektlərin üzərində xəbərdarlıq yazıları yerləşdirilib. Orada qeyd olunur ki, həmin obyektlər dövlət tərəfindən qorunur və onlara hər hansı müdaxilə, üzərinə reklam yapışdırılması və ya yazı yazılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yaradır. İnanıram ki, DİN tərəfindən bu məqsədlə yerləşdirilən obyektlər də normal və təmiz vəziyyətdə saxlanılır. Deməli, insanları əvvəlcədən xəbərdar etmək lazımdır. Amma təəssüf ki, Azərbaycanda heç bir memarlıq abidəsinin yanında insanlara əvvəlcədən müraciət və xəbərdarlıq xarakterli belə bir lövhə görməmişəm”.

Memar bildirib ki, tarixi abidələrin qorunması yalnız Şuşa ilə məhdudlaşmamalıdır:

“Təbii ki, bu məsələ bütün Azərbaycana aiddir. Şuşa olsun, Sumqayıt olsun, Lənkəran olsun, Naxçıvan olsun, Bakı olsun, fərq etməz. Hesab edirəm ki, hansısa memarlıq abidəsinin Şuşada olması onu, məsələn, Astarada yerləşən memarlıq abidəsindən daha qiymətli və ya daha çox qorunmalı etmir. Ümumiyyətlə, bu prinsip bütün Azərbaycana və bütün memarlıq abidələrinə şamil olunmalıdır”.

nizami 2
2 aprel 2026-cı il. Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb

Xatırladaq ki, bu ilin aprel ayında oxşar hadisə Nizami Kino Mərkəzində də baş vermişdi. Belə ki, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər, 10-cu sinif şagirdi Muradi Layla, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə və 2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ictimai rəydə ciddi müzakirələrə və kəskin qınağa səbəb olub, şəhərin estetik görünüşünə xələl gətirən bu addımlar vandalizm aktı kimi dəyərləndirilib.


MANŞET XƏBƏRLƏRİ