Azərbaycanda bu cihazdan istifadə edənləri sərt cəza gözləyir – İlləriniz həbsdə keçə bilər...


Sosial şəbəkələrdə yayılan mağaza reklamlarından birində kiçik ölçülü “Item Finder / OTag Dual” tipli cihazların müxtəlif əşyalara yerləşdirilərək onların yerinin telefon vasitəsilə izlənilə bildiyi nümayiş etdirilir. Cihazın həm “iPhone”, həm də “Android” telefonlara qoşula bildiyi, istifadəçiyə müəyyən əşyanın və ya məkanın yerini izləməyə imkan verdiyi bildirilir.

Bəs bu cür cihazların satışı və başqasının xəbəri olmadan onun üzərində və ya əşyasında istifadə edilərək izlənməsi qanunla qadağandırmı? Belə vasitələr xüsusi texniki vasitə hesab oluna bilərmi?

Turkustan.az xəbər verir ki, “Yeni Sabah” bu məsələ ilə bağlı hüquqşünas Tağı Hüseynova müraciət edib. Hüquqşünas sözügedən videoya baxaraq bildirib ki, məsələnin hüquqi qiymətləndirilməsində əsas meyarlardan biri cihazın gizli informasiya əldə etmək üçün xüsusi olaraq hazırlanıb-hazırlanmadığıdır.

“Burada qanunda əsas meyar həmin cihazın gizli informasiya əldə etmək üçün xüsusi olaraq hazırlanıb-hazırlanmadığıdır. Nazirlər Kabinetinin xüsusi texniki vasitələr siyahısına baxmaq lazımdır ki, bunlar həmin siyahıya daxildir, yoxsa yox”, – deyə Tağı Hüseynov bildirib.

Onun sözlərinə görə, cihaz xüsusi texniki vasitə kimi təsnif edilərsə, onun satışı və dövriyyəsi ilə bağlı xüsusi hüquqi rejim tətbiq oluna bilər.

“Əgər bu cihaz xüsusi texniki vasitə kimi təsnif edilirsə, artıq burada Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulan əməlin tərkibi yarana bilər. Həmin maddə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz istehsalını, satışını və ya satış məqsədilə əldə edilməsini ayrıca cinayət kimi nəzərdə tutur”, – hüquqşünas qeyd edib.

Tağı Hüseynov vurğulayıb ki, bu cür vasitələr xüsusi texniki vasitələr siyahısına daxil olduğu halda onların istehsalı, satışı, əldə edilməsi, idxalı və ixracı xüsusi icazə məsələsini gündəmə gətirə bilər.

“Yəni hər mağaza durub onu sata bilməz. Sadəcə həmin siyahıdakı şeylərə aid olub-olmaması məsələsi var. Çox güman ki, cihazın funksional xüsusiyyətlərindən asılı olaraq buna hüquqi qiymət verilməlidir”, – deyə o bildirib.

Hüquqşünasın sözlərinə görə, məsələ yalnız cihazın satışı ilə yekunlaşmır. Belə bir vasitənin alınaraq başqa şəxsin xəbəri olmadan onun yerinin izlənməsi də şəxsi həyatın toxunulmazlığı baxımından hüquqi məsuliyyət yarada bilər.

“Konstitusiyanın 32-ci maddəsində açıq şəkildə bildirilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilə bilməz. Həmçinin şəxsi həyat haqqında məlumatın razılıq olmadan toplanması, saxlanılması, istifadəsi və yayılması qadağandır”, – Tağı Hüseynov vurğulayıb.

O qeyd edib ki, cihazın qanunsuz satışı ilə həmin cihazdan istifadə etməklə şəxsi həyatın toxunulmazlığının pozulması hüquqi baxımdan fərqli əməllərdir.

“Bunun satışı, istehsalı məsələsi 302-ci maddəyə aiddirsə, artıq bunu alıb kimisə izləmək 156-cı maddəyə gedir. Cinayət Məcəlləsində 156-cı maddədə şəxsi həyatın toxunulmazlığını pozma deyilən bir şey var”, – hüquqşünas bildirib.

Tağı Hüseynovun sözlərinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanması da məsuliyyət yarada bilər.

“156-cı maddənin birinci bəndində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, satılması, başqasına verilməsi və ya qanunsuz toplanması nəzərdə tutulur. Yəni o toplanmaya gedir artıq”, – deyə o açıqlayıb.

Hüquqşünas bildirib ki, bu əməlin törədilməsinə görə cərimə, ictimai işlər və ya islah işləri kimi cəzalar nəzərdə tutulur.

“Misal üçün, kimin ixtiyarı var ki, mənim hara getdiyimi, ailəmin içində nə danışdığımı, nə etdiyimi xəbərim olmadan bilsin? Bu artıq Cinayət Məcəlləsinin 156-cı maddəsinin tərkibini yarada bilər”, – Tağı Hüseynov deyib.

Hüquqşünas 302.3-cü maddə üzrə nəzərdə tutulan cəzaya da diqqət çəkib:

“Əgər həmin vasitə siyahıdadırsa və həqiqətən insanları gizli izləmək üçün nəzərdə tutulubsa, Cinayət Məcəlləsinin 302.3-cü maddəsinin tərkibi yarana bilər. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə 2 000 manatdan 5 000 manatadək cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Beləliklə, hüquqşünasın izahına əsasən, bu tip cihazların sadəcə GPS və ya Bluetooth texnologiyası ilə işləməsi avtomatik olaraq onların qanunsuz və ya xüsusi texniki vasitə olması anlamına gəlmir. Hüquqi qiymətləndirmədə cihazın təyinatı, texniki xüsusiyyətləri və xüsusi texniki vasitələr siyahısında olub-olmaması əsas əhəmiyyət daşıyır. Digər tərəfdən, cihazdan istifadə etməklə şəxsin xəbəri və razılığı olmadan onun hərəkətlərini izləmək şəxsi həyatın toxunulmazlığı məsələsini də gündəmə gətirə bilər.


MANŞET XƏBƏRLƏRİ